İslam Əməkdaşlıq Təşkilatının İstanbul Bəyannaməsində İsrailə qarşı tədbir çağırışı
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbul Bəyannaməsində İsrailin İrana və digər ölkələrə qarşı hücumları sərt şəkildə qınanıb və beynəlxalq ictimaiyyət bu təcavüzə qarşı çəkindirici tədbirlər görməyə çağırılıb. İƏT-in Baş Katibliyi bildirib: “ABŞ-ın İranda yerləşən nüvə obyektlərini hədəf alması ilə bağlı son hadisələrdən dərin narahatlıq duyuruq”.
Bəyannamədə qeyd olunub ki, İsrailin İran, Suriya və Livana qarşı son hücumları da daxil olmaqla bölgədə sabitliyi pozan siyasəti və beynəlxalq hüququ pozan hərəkətləri qəti şəkildə qınanır və bu ölkələrin suverenliyi və təhlükəsizliyinə açıq şəkildə xələl gətirildiyi vurğulanır.
Bununla yanaşı, beynəlxalq ictimaiyyət İsrailin təcavüzünü dayandırmaq və törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunmasını təmin etmək üçün “çəkindirici tədbirlər” görməyə çağırılıb.
Həmçinin bəyannamədə qeyd edilib ki, gərginliyin azaldılması səylərini dəstəkləmək, İrana qarşı təcavüzü dayandırmaq və sülh yolu ilə həllə nail olmaq məqsədilə aidiyyəti regional və beynəlxalq tərəflərlə mütəmadi əlaqə saxlayacaq “Nazirlərdən ibarət Əlaqələndirmə Qrupu”nun yaradılmasına qərar verilib.
Bəyannamədə İsrailin hücumlarının dərhal dayandırılmasının vacibliyi vurğulanıb və bölgədəki humanitar, iqtisadi və ekoloji vəziyyəti təhdid edən bu təhlükəli gərginliklə bağlı ciddi narahatlıqlar ifadə olunub.
TRT HABER
Solmaz Muradova