İslamabadda İran-ABŞ görüşü: Etimadsızlıq fonunda sülhə doğru yeni cəhd
İyulun 11-də Pakistanın paytaxtı İslamabadda keçirilməsi planlaşdırılan İran-ABŞ görüşü iki ölkə arasında uzun illərdir davam edən gərgin münasibətlər fonunda keçiriləcək. Görüşün əsas gündəm mövzuları İranın nüvə proqramı, regional təhlükəsizlik, iqtisadi sanksiyalar və Yaxın Şərqdə güc balansı olacaq.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib ki, görüş tərəflər arasında dialoqun davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşısa da, iki ölkə arasında uzun illərdir mövcud olan qarşılıqlı etimadsızlıq münasibətlərin normallaşmasına ciddi maneə olaraq qalır.
Politoloqun sözlərinə görə, bu danışıqlar təkcə İran və ABŞ arasında münasibətlər baxımından deyil, bütövlükdə Yaxın Şərqdə geosiyasi vəziyyətin gələcək inkişafı baxımından da əhəmiyyətlidir:
"Bu gün əsas məsələ Yaxın Şərqdə güc balansının hansı tərəfin xeyrinə formalaşacağıdır. ABŞ-nin dəstəklədiyi İsrail və İran arasında davam edən qarşıdurma regionun təhlükəsizlik mühitinə birbaşa təsir göstərir. Geosiyasi baxımdan İran və Türkiyə Yaxın Şərqin ən güclü dövlətləri sırasındadır. Buna görə də bölgədə yaranacaq yeni güc balansı təkcə İsrail-İran münasibətlərinə deyil, İsrailin Türkiyəyə münasibətlərinə də təsir göstərəcək".
Ramiyə Məmmədova qeyd edib ki, bu problemlərin qısa müddətdə həllini gözləmək düzgün yanaşma deyil. Əvvəlki danışıqlar zamanı onlayn formatda əldə olunan razılaşmalar qüvvəyə minməyib və növbəti görüşlər keçirilməyib. Bu səbəbdən də İranın nüvə proqramı ilə bağlı yekun razılıq əldə etmək mümkün olmayıb:
“İran ilk növbədə öz təhlükəsizliyinin təmin olunması üçün ciddi zəmanətlər tələb edir. Digər tərəfdən də ölkənin nüvə proqramına görə tətbiq edilən sanksiyalar hələ də qüvvədədir. İran iqtisadi sabitlik əldə etmək üçün sanksiyaların ən azı qismən yumşaldılmasını istəyir. Bu, ölkənin iqtisadi cəhətdən dirçəlməsinə imkan yarada bilər".
Ekspert əlavə edib ki, Hörmüz boğazından keçən gəmilərin hərəkəti və logistika marşrutları ilə bağlı da tərəflər arasında hələlik razılıq əldə olunmayıb. Buna görə də həmin məsələlər də İslamabad görüşünün əsas müzakirə mövzuları sırasında yer alacaq.
Ramiyə Məmmədovanın sözlərinə görə, danışıqların məhz İslamabadda keçirilməsi də təsadüfi deyil.
"Pakistan həm İranın, həm də ABŞ-nin qəbul etdiyi ölkələrdən biridir. Eyni zamanda İslam dünyasında mühüm nüfuza malik dövlətdir və regional proseslərdə xüsusi rola sahibdir. Buna görə də İslamabad hər iki tərəf üçün məqbuldur”.
Politoloq hesab edir ki, bu görüşü tarixi dönüş nöqtəsi kimi qiymətləndirmək olmaz:
“Hər hansı sazişin imzalanması belə, İran və ABŞ arasında münasibətlərin tam normallaşacağını göstərmir. Lakin bu görüş gələcəkdə daha geniş dialoq və sülh prosesinə aparan mühüm addımlardan biri kimi qiymətləndirilə bilər".
Süsən Mərdalıqızı