00:00:00
Yazar
Mayıl Soltan
24.08.2026 16:41 251 6 dəq oxuma
Müsahibə

İsmayıl Rafiqoğlu: Dil və ədəbiyyat bir silahdır – MÜSAHİBƏ

İsmayıl Rafiqoğlu: Dil və ədəbiyyat bir silahdır – MÜSAHİBƏ

Azərbaycan dili ətrafında ara-sıra davam edən polemika səngimək bilmir. Dilin saflığının qorunması və yeni sözlərin formalaşması prosesində yaranan problemlər, başqa mədəniyyətlərin davamlı təsiri cəmiyyətdə daim mübahisə predmetinə çevrilir.

 

"İnformator.az" xəbər saytı Azərbaycan dili və ədəbiyyatını tədrisdə ön plana çəkən Report Media Məktəbinin təlimçisi, jurnalist İsmayıl Rafiqoğlu ilə olan müsahibəni təqdim edir.

 

Siz Report Media Məktəbində tez-tez yazıçılar, dil mütəxəssislərini qonaq çağırırsınız. Bunun səbəbi nədir? Gələcəyin jurnalistinə qələm əhli ilə görüşlər nə dərəcədə əhəmiyyətlidir?

 

Report Media Məktəbinin təlim prosesində Azərbaycan dili və ədəbiyyatı istiqaməti mühüm yer tutur. Bu gün müasir gəncliyin həm dilə, həm də müasir Azərbaycan ədəbiyyatına yanaşmasında müəyyən boşluqlar var. Əsas səbəb orta məktəb və universitet təhsilindən qaynaqlanır. Əksəriyyət müasir Azərbaycan ədəbiyyatının nümayəndələrini tanımır. İlkin olaraq məhz bu şəxsləri gənclərə tanıtdırmaq lazımdır. Dili qoruyan, yaşadan, yeni sözləri gətirənlər belə yazıçılardır.

 

Bu problemi nəzərə alaraq ofisdə kiçik bir kitabxana da yaratmışıq. Burada, əsasən, müasir dövrün qələm adamlarının əsərləri toplanıb. Hər buraxılış qrupunda ən azı iki müasir Azərbaycan yazıçısı ilə görüş təşkil edirik. Məqsəd gəncləri yaxşı jurnalist kimi yetişdirməkdir. Peşəkar mətbuat işçisi Azərbaycan dilini, ədəbiyyatı mükəmməl bilməlidir.

 

Yazıçılar dediniz, kimlərin adlarını çəkə bilərsiniz? Görüş necə reallaşır?

 

Aqşin Yenisey, Seyran Səxavət, Qulu Ağsəs, Fəxri Uğurlu, Sabir Rüstəmxanlı, Şərif Ağayar kimi tanınmış yazıçı-şairlər qonağımız olub. Əlbəttə, siyahı daha genişdir. Belə görüşlərin arxasında bir neçə məqsəd durur. Əvvəla, hər tələbə görüşə ciddiliklə hazırlaşır, qonaq olacaq yazıçının əsərlərini oxuyur, müsahibələrini izləyir. Belə görüşlərdə çox maraqlı suallarla qarşılaşırıq. Yazıçı hazırlıqlı auditoriya ilə polemika aparır, fikirlərini bölüşür. Azərbaycan reallığı elədir ki, yalnız yazıçı tapmaq da çətindir, bu işlə məşğul olanların çoxu həm də jurnalist fəaliyyəti ilə də seçilir. Qonaq kimi dəvət etdiyimiz media simalarının da xeyli sayda esseləri, publisistik yazılarını mütləq oxuyuruq, tanış oluruq. Yaxşı yazı qabiliyyəti məhz ciddi mütaliəyə bağlıdır.

 

Bu gün jurnalistika təhsilində dil və ədəbiyyat fənlərində dərs saatlarının azalmasını müşahidə edirik. Bu tendensiya gələcək jurnalistlərin yazı qabiliyyətinin formalaşmasına necə təsir edir?

 

Çox maraqlı məsələyə toxundunuz. Bu gün jurnalistika təhsili verən ali təhsil ocaqlarında Azərbaycan dili və ədəbiyyatla bağlı ixtisarlar aparılıb. Əvvəllər jurnalistlərin dil və ədəbiyyat saatları filoloqlardan bir qədər zəif olardı, lakin vəziyyət dəyişib. Daha ali təhsili yeni bitirmiş gənc jurnalistlərə "qələm adamı" deyə bilmirik. Təəssüf ki, jurnalistika ixtisasında ədəbiyyat iki semestr, Azərbaycan dili isə bir semestr keçirilir. Hətta Report Media Məktəbinə gələn tələbə namizədlərin əksəriyyətinin yazısı orta məktəb şagirdinin cızma-qarasına bənzəyir. Bu, ciddi problemdir. Həmin jurnalistin iş tapması belə sual doğurur. Dil və ədəbiyyat bir silahdır. Ali təhsil ocaqlarında bu məsələ mütləq nəzarətə götürülməlidir. Hazırda Azərbaycan bölməsində müşahidə etdiyimiz problemlər rus və ingilis sektorlarında da özünü göstərir. Aleksandr Düma, Vilyam Şekspir kimi dünya şöhrətli yazıçıları tanımayan, əsərlərini oxumayan onlarla namizədlə qarşılaşmışam. Gələcəkdə xarici mətbuatda çalışacaq şəxs həmin ölkənin dilini, ədəbiyyatını, mədəniyyətini mükəmməl bilməlidir, lakin bunu müşahidə etmirik. Hətta dünyada ad qazanan klassiklərin əsərlərinin qısa məzmununu oxuması ilə fəxr edən nə qədər tələbə ilə rastlaşmışıq.

 

Prezident İlham Əliyev 2025-ci ildə yerli televiziya kanallarına müsahibəsində yad sözlərin dilimizi korladığını və ana dilini qorumağın böyük məsuliyyət olduğunu bildirmişdi. Burada medianın məsuliyyəti nədən ibarətdir və bu tənqiddən media hansı dərsləri çıxarmalıdır?

 

Cəmiyyətdə Azərbaycan dili qaydalarının mediada pozulması ilə bağlı fikirlər çoxdur, lakin biz burada bəzi məsələləri fərqləndirməliyik. Birincisi, media ön cəbhədədir, yəni dilimizə yeni gələn bütün terminlər, sözlər, anlayışlar ilkin olaraq mediada işlənilir. Xəbər hazırlayan jurnalist və redaktor lüğətdə hələ yer almayan bu sözləri istifadə etdikdə ən doğru versiyanı seçməyi bacarmalıdır. İnsanlar cəmiyyətdə hələ yer almayan bu sözləri istifadə etdikdə ən doğru versiyanı seçməyi bacarmalıdırlar. Bu terminləri cəmiyyətə ötürən məhz jurnalistlərdir. Sonradan digər insanlar bu sözləri məhz eşitdikləri kimi yazır, tələffüz edir. 

 

Bundan əlavə, bəzi qayda və normaların mediada pozulması operativlik ucbatındandır. Biz "tələskənlik" dövründə yaşayırıq, ona görə də yanlışlaın olması qaçılmazdır. Digər bir tərəfdən dil biliyi olmayan insanın jurnalistikada çalışması da problemlərə yol açır. Bu gün mətbuatda 10-15 il işləyib faktiki yazısı olmayanlar da az deyil. Belə qüsurlar dil cəhətdən zəngin olmayan materialların yayılmasına səbəb olur.

 

Digər bir məsələ jurnalist və redaktorların akademik lüğətlərlə işləməməsinə bağlıdır. Bu gün Azərbaycanda Nəsimi adına Dilçilik İnstitutu fəaliyyət göstərsə də, bu qurumun iş əmsalının effektivliyi sual altındadır. Lüğət çox, onların internetdə təmsil olunan mükəmməl elektron versiyaları isə azdır. Bu da fərqli bir problemdir. Mənbələrin çox olması da bəzən jurnalistləri yanılda bilər. Müxtəlif lüğətlərdə eyni sözlər fərqli yazılır. Bu da standart qaydanı bilməkdə çətinlik yaradır. Hazırda süni intellektlə mətn yazan, redaktə edən jurnalistlər də az deyil, lakin süni zəka bu istiqamətdə uğursuzdur. Bəzən yanlış yazır, redaktə edir. Mətbuatın nümunəvi dil standartına çevrilməsi üçün böyük miqdarda dəstək olmalıdır, dil üzrə proqramlar, sistemlər yaradılmalıdır.

 

Bayaq bildiriniz ki, mətbuatda illərlə çalışan, amma peşəkar yazısı olmayan jurnalistlər var. Bu, necə ola bilər?

 

Nə qədər gülməli görünsə də, belələri az deyil. Yazı yazmaq bir Allah vergisidir. Kimdəsə alınır, kimdəsə də yox. Digər tərəfdən insan daim çalışdığı sahədə inkişaf etməlidir, amma buna can atmayanlar da var. Yazısı zəif olan, səhvlərini bilməyən nə qədər jurnalist var. Maaş xətrinə işə gedib-gəlirlər. Yazdığı da zay. Belə jurnalist redaktorun da işini xeyli çətinləşdirir. Yaxşı redaktorla çalışan jumalist ya super inkişaf edə bilər, ya da tənbəlləşər. Nə qüsur etsə belə, "səhvimi düzəldən tapılacaq" düşüncəsi ilə yaşayacaq. Həm də bu gün elə tələsirik ki, kiməsə səhvini izah etmək belə qəliz məsələdir.

 

Bu gün beynəlxalq dillərdən gələn sözlər dilimizi dəyişdirir. Bu prosesin qarşısını almaq mümükündürmü? Nə kimi addımlar atıla bilər?

 

Cəmiyyətdə belə bir düşüncə var ki, Azərbaycan dili böyük təhlükədədir. Mən belə hesab etmirəm. Məsələn, ingilis dilində sözlərin 80 faizi başqa dillərdən alınmadır. İngilis dili buna tab gətirir, hətta onun dünyadakı digər dillərə təsiri danılmazdır. Bütün dillər belədir. Ümumən, dilin formalaşması prosesi okeanı qidalandıran çay, göl və kiçik su hövzələrinin axınına bənzəyir. Sözlər bir dildən digərinə bir sellə gəlir. Təhlükə yoxdur, dil istənilən sözü həzm etməyə qadirdir. Sadəcə alınma sözlərin sayı çox olduqda ciddi problemə çevrilir.

 

Təsəvvür edin, gündə dilimizə 30-50 yeni söz gəlir və Azərbaycan dili bunu uyğunlaşdırmaqda çətinlik çəkir. Məsələn, "vatsap", "feysbuk" kimi sözlərin Azərbaycan dilinə oturuşması neçə il zaman aldı. Əsas dildə gedən prosesə alimlərin vaxtında nəzarət və müdaxilə etməsidir. Dili yaşadan xalqdır, insanlar bu sözləri bilməlidirlər ki, istifadə edə bilsinlər.

 

Digər bir nümunə "dəstək" sözünü deyə bilərik. 40-50 il öncə bu söz kütləvi işlənmirdi. Hazırda isə geniş şəkildə istifadə edilir. Bu gün dilimizə sözlər ən çox Türkiyə türkcəsindən gəlir. Təbii ki, bunun səbəbi Azərbaycanda türk seriallarına olan marağın olmasıdır. Bu gün küçədə oynayan uşaqların nitqində Azərbaycan yox, Türkiyə türkcəsi dominantlıq təşkil edir. Serialda animasiya eşitdiklərini həyatda tətbiq edirlər. Azərbaycan dilini yaşatmaq üçün ədəbiyyat inkişaf etməlidir. Normativ dil ədəbiyyat vasitəsi ilə ötürülür. Bu səbəbdən müasir Azərbaycan ədəbiyyatını yaradan şəxslərin əsərləri oxunmalı, həmin kitabların sayı artırılmalı və elektron versiyaları yaradılmalıdır.

 

Bəs gözəl nitq qabiliyyəti nəyə bağlıdır?

 

Gözəl danışmaq üçün gözəl nitqi öncə eşitmək lazımdır. Burada səsli kitablara böyük ehtiyac yaranır, lakin kifayət qədər audio kitablann olmaması da bir çətinlikdir. Bu məsələdə orta məktəblərin də üzərinə böyük yük düşür. Yaxşı nümunələr də az deyil. Məsələn, orta məktəbdə Azərbaycan filmlərini şagirdlərə nümayiş etdirən ədəbiyyat müəllimləri var. Bu çox yaxşı haldır. 

 

Bu gün Report Media Məktəbinə gələn tələbələrin əksəriyyəti Azərbaycan filmlərinə baxmadığından nitq qüsurları da kifayət qədərdir. Televiziya aparıcılarının da nitqi heç də həmişə yerində deyil. Günümüzdə normal danışığı eşitmək üçün gərək çox çalışasan, axtarasan, dinləyəsən. Özün də məşq etməlisən. Qısası, dili qorumağın yolları məhz bunlardır. Onda Azərbaycan dili həm inkişaf edəcək, həm də unudulmayacaq.

 

Mayıl Soltanov 

Foto: Ayan Veysəlli

#rafiqoğlu: #müsahi̇bə #azərbaycan #i̇smayıl
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər