İspaniyada sel qurbanının cəsədi aşkarlanıb
İspaniyanın cənub-şərqində ötən il baş verən dağıdıcı sel nəticəsində itkin düşən 56 yaşlı kişinin cəsədi bir il sonra palçıq altında tapılıb. Bu barədə yerli hakimiyyət orqanları cümə axşamı məlumat yayıb.
Ötən ilin oktyabrın 29-da Valensiya şəhərinin ətrafında baş verən daşqınlar nəticəsində evlər, avtodayanacaqlar və avtomobillər su altında qalmış, demək olar ki, 240 nəfər həyatını itirib.
Məhkəmə məlumatına görə, həmin şəxs itkin düşən üç nəfərdən biri idi və artıq rəsmi şəkildə ölü elan olunub. Onun cəsədi çərşənbə axşamı Manises şəhərində itkin düşdüyü Pedralba qəsəbəsindən təxminən 40 kilometr məsafədə, torpaq işləri zamanı aşkarlanıb.
İspaniya qanunvericiliyinə əsasən, meyit aşkar edildikdə məhkəmə orqanları hadisəyə müdaxilə edir.
Eyni zamanda, hakim Nuria Ruiz-in rəhbərlik etdiyi Katorroxa məhkəməsi sel zamanı fövqəladə hallara gec reaksiya göstərilməsinin səbəbləri ilə bağlı istintaq aparır. Həmin sel müasir İspaniya tarixində ən ağır təbii fəlakətlərdən biri hesab olunur.
Hadisə zamanı Valensiya regional hökumətinin əhaliyə sığınacaq tapmaq barədə göndərdiyi xəbərdarlıq mesajı binalar artıq su altında qaldıqdan sonra çatıb.
Cümə axşamı məhkəmə sel günü Valensiyanın mühafizəkar regional rəhbəri Karlos Mazonla birlikdə nahar edən yerli jurnalisti ifadə verməyə çağırıb.
ANEWZ
Güllər Gülhüseynova