İsrail Baş Qərargah rəisi Qəzzaya səfər edib
İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir Cənub Hərbi Dairəsinin rəhbərləri ilə birlikdə Qəzza zolağının şimal bölgəsinə gedib. Bu barədə məlumatı İsrail mediası yayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, hazırda beynəlxalq ictimaiyyət Donald Trampın təklif etdiyi 12 maddəlik Qəzza planından müsbət nəticələr gözlədiyi bir zamanda, əksinə bölgədə gərginliyin artmasının şahidi oluruq:
"Halbuki planın ilkin mərhələsi atəşkəsə nail olmaq və daha sonra İsrail qoşunlarının bölgədən çıxarılması, Həmasın isə silahı yerə qoyaraq təslim olması idi. Reallıqda isə ikinci mərhələnin açıq şəkildə iqnor edildiyini görürük. Bu mərhələnin həyata keçirilməməsində yalnız bir tərəfi günahlandırmaq düzgün olmazdı həm Həmas, həm də İsrail eyni dərəcədə məsuliyyət daşıyır.
Həmas hələ də silahı yerə qoymayıb, İsrail isə əksinə, bölgədən çəkilmək əvəzinə yeni hərbi əməliyyatlar planlaşdırır. Bu da uzunmüddətli və dayanıqlı sülh imkanlarını ciddi şəkildə təhlükə altına atır. Əgər İsrail bölgədən çəkilməsə və Həmas da silahlı mübarizədən əl çəkməyərək razılaşmada nəzərdə tutulmuş struktur və subyektlərə nəzarəti təhvil verməsə, bölgədə sülh və sabitlik mümkün olmayacaq.
İsrailin hərbi ekspedisiyaları və genişmiqyaslı əməliyyat planları isə gərginliyi daha da artırır. Bütün bunlar sülh danışıqlarının irəliləməsinə əngəl törədir. Daha təəccüblüsü isə odur ki, atəşkəsin əsas zəmanətçiləri olan ölkələr – ABŞ, Qətər, Misir və Türkiyə – hazırda bu prosesə sükutla yanaşır və konkret mövqe ortaya qoymurlar.
Həmas üçün silahı yerə qoymaq sadə məsələ deyil. Onlar illərlə mübarizə apardıqları ədalətli həll formulu və konkret siyasi təkliflər gözləyirlər. Bu suallara cavab verilmədiyi təqdirdə, Həmasın silahı yerə qoyacağını gözləmək real deyil. İsrail isə bu narahatlıqlara cavab vermək əvəzinə bölgədə hərbi əməliyyatlarını genişləndirir bu, təkcə Qəzzədə deyil, eyni zamanda Suriya və Livan kimi qonşu ölkələrdə də müşahidə olunur.
Nəticə etibarilə, həm Həmasın, həm də İsrailin Trampın planına əməl etməməsi bölgəyə sülh deyil, daha böyük təhlükə vəd edir".
Aişə Mustafayeva