00:00:00
Yazar
Admin User
16.10.2025 08:06 135 2 dəq oxuma
Siyasət

İsrail də açıqlayıb:

İsrail də açıqlayıb:

 

HƏMAS hərəkatı tərksilah olunmaqdan imtina edərsə, İsrail Qəzza zolağında hərbi əməliyyatları bərpa edəcək.

 

Bunu İsrailin müdafiə naziri İsrail Katz deyib.

 

“HƏMAS razılaşmasını yerinə yetirməkdən imtina edərsə, İsrail ABŞ-lə koordinasiyada HƏMAS-ın tam məğlubiyyətinə nail olmaq, Qəzzada reallığı dəyişdirmək və müharibənin bütün məqsədlərinə çatmaq üçün hərbi əməliyyatlara qayıdacaq”, - Katz bildirib.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da bənzər açıqlama ilə çıxış etmişdi.

 

Mövzu ilə bağlı politoloq Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Yaxın Şərqdə uzunmüddətli sülh hələ də mümkün görünmür:

 

“Yaxın Şərqdə artıq 3 min ilə yaxındır davam edən münaqişə bundan sonra da davam edəcək kimi görünür. Xristianlığın yaranmasından bu günə qədər, yəni son 2000 il ərzində, bölgə aktiv və passiv fazalarda müharibələrin mərkəzində olub.

 

Tarixə nəzər salsaq, Fələstin və İsrailin yerləşdiyi ərazinin qədim Kənan torpaqları olduğunu görərik. İbrahim peyğəmbərin dövründən bəri bu ərazilərdə daima qarşıdurmalar yaşanıb. Buna görə də, Yaxın Şərqdə uzunmüddətli və davamlı sülhün bərqərar olacağını düşünmək tarixi müqayisəli kontekstdə real görünmür.

 

Bununla belə, bölgədə müəyyən dövrlərdə passiv fazaya keçid və müvəqqəti sabitliyin yaranması mümkündür. Lakin bu, ümumi münaqişənin sona çatdığı anlamına gəlmir”. 

 

Politoloq qeyd edib ki, digər tərəfdən, HƏMAS müstəqil bir təşkilat deyil:

 

“O, bir neçə dövlətin xüsusi xidmət orqanlarının təsiri altında fəaliyyət göstərən bir qurumdur. Hətta bəzi hallarda İsrailin xüsusi xidmət orqanları ilə də sıx əlaqələrinin olduğu iddia edilir. HƏMAS, hər nə qədər fələstinlilərin iradəsini təmsil etdiyini bildirsə də, əslində bu, daha çox siyasi səhnədə ona verilmiş rolun nəticəsidir. Bu baxımdan hadisələr kənardan göründüyü qədər sadə deyil.

 

Ümumilikdə, bütün bu amillər Yaxın Şərqdə daimi sülh ehtimalını xeyli aşağı salır. HƏMAS-ın müstəqil hərbi-siyasi qurum olmaması, bölgədəki müxtəlif qüvvələrin və dövlətlərin xüsusi xidmət orqanlarının diqtəsi ilə hərəkət etməsi vəziyyəti daha da mürəkkəbləşdirir.Belə şəraitdə, Yaxın Şərqdə diplomatik siyasətin real sülh prosesinə çevrilməsi hələlik mümkün görünmür”. 

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər