İsrail humanitar yardımın bölgəyə daxil olmasını müvəqqəti olaraq dayandırıb
Məlumata görə, belə qərarı İsrailin siyasi rəhbərliyi qəbul edib və humanitar yardımın Qəzzaya buraxılması “növbəti bildirişədək” dayandırılıb. İsrail bu addımı atəşkəs rejiminin pozulması ilə izah edir və məsuliyyəti HƏMAS-ın üzərinə qoyur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova bildirib ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, İsrail siyasi rəhbərliyi Qəzza zolağına humanitar yardımın girişinin “növbəti bildirişədək” dayandırılması beynəlxalq hüquq və regional sabitlik baxımından ciddi nəticələrə səbəb ola bilər:
"Belə bir qərar xüsusilə mülki əhalinin həyat şəraitinin daha da ağırlaşmasına və beynəlxalq ictimaiyyətin sərt reaksiyasına yol aça biləcək çoxşaxəli təsirlərə malikdir. Bu isə öz növbəsində atəşkəs prosesinə olan etimadın azalmasına və bölgədə yeni gərginlik ocaqlarının yaranmasına zəmin yarada bilər. Digər tərəfdən isə İsrailin HƏMAS-ı atəşkəs rejiminin pozulmasında ittiham etməsi bəzi dövlətlər və beynəlxalq təşkilatların İsrailə qarşı tənqidi yanaşmalarının artmasına və bunun fonunda diplomatik münasibətlərdə yeni gərginliklərin meydana çıxmasına səbəb ola bilər. Nəticə etibarilə, humanitar yardımın dayandırılması yalnız hüquqi aspektlərə malik qərar deyil, eyni zamanda regional sabitliyə və beynəlxalq diplomatik proseslərə birbaşa təsir göstərə biləcək strateji xarakterli addım kimi qiymətləndirilməlidir".
Aişə Mustafayeva