00:00:00
Yazar
Admin User
11.09.2023 15:25 454 2 dəq oxuma
Dünya

"İsrail-İran qarşıdurması uzun müddət davam edəcək"

"İsrail-İran qarşıdurması uzun müddət davam edəcək"

  İsraillə İran arasında qarşıdurma və qarşılıqlı təhdidlər davam edir. İranın Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə müqavilə imzalanmasından sonra vəziyyət daha da gərginləşdi. Bunu həm İsrail, həm də ABŞ mənfi qarşıladı. Baş verənlər fonunda Mossad kəşfiyyat xidmətinin rəhbəri İranı israillilərə və İsrail mövqelərinə silsilə hücumlarda ittiham edib. Tel-Əvivi narahat edən digər məsələ isə Moskva və Tehran arasında hərbi əməkdaşlıqdır.

  İsrail İranı ölümcül hücumlar hazırlamaqda günahlandırır. Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barnea hücum cəhdlərinin səbəbkarlarını tapmaq üçün "Tehranın ürəyinə" zərbə endirməyə hazır olduqlarını bildirib. “Son bir ildə müttəfiq ölkələrlə birlikdə 27 hücumun qarşısını almışıq. Bu hücumları İran təşkil edib. İndi biz danışdığımız müddətdə belə İran əlavə hücumlar həyata keçirməyə çalışır. Biz Tehranın tam ürəyinə zərbə endirməyə hazırıq ki, bu da israillilərə və bütün dünyada yəhudi hədəflərinə hücum əmri verən və həyata keçirənlərə cavabımız olacaq. Bu, bizim yüksək və aydın mesajımızdır”.

  Ekspertlərin fikrincə, İsrail həm də Rusiyanın İrana qabaqcıl silahlar verməsindən narahatdır. Mossad rəhbərinin sözlərinə görə, İran Ukraynaya hücumda istifadə üçün Rusiyaya qısa və uzunmənzilli raketlər, həmçinin pilotsuz uçuş aparatları satmağa çalışsa da, bunun qarşısı alınıb. Siyasi şərhçi Turab Rzayev deyir ki, Tehran gələcəkdə də başqa silahlar satmaq niyyətindədir. “Daha bir qorxulu məqam ondan ibarətdir ki, İran Rusiyaya fərqli dronlar göndərdiyi halda bunun əksi - Rusiya da irana müxtəlif silahlar göndərə bilər. İran Rusiyadan yeni silahlar, yeni təyyarələr, yeni tanklar, yeni hava müdafiə sistemləri ala bilər. Hətta yeni raket kompleksləri ala bilər ki, bu komplekslər İrana artıq nüvə başlığını əldə etdikdən sonra onu fərqli ölkələrə xüsusilə ABŞ-nin Yaxın Şərqdəki bazalarına atmağa icazə verər. Ona görə də bu, İsraildə və yaxın müttəfiqlərində narahatlıq doğurur”.

  Politoloqlar düşünürlər ki, İsraillə İran arasında qarşıdurma uzun müddət davam edəcək. İsrail İranın Təl-Əvivin məhvedilməsi çağırışlarını və ölkə sərhədlərində düşmən silahlı qruplaşmaları dəstəklədiyini deyərək, İranı özünün ən böyük düşməni sayır. Həmçinin Təl-Əviv Tehranı nüvə silahının istehsalında da ittiham edir.

AYSEL

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər