00:00:00
Yazar
Admin User
24.11.2025 18:45 275 3 dəq oxuma
Siyasət

İsrailə əl qaldıranın əli kəsiləcək

İsrailə əl qaldıranın əli kəsiləcək

İsrailin müdafiə naziri İsrail Katz bildirib ki, İsrail təhdidlərin qarşısını almaq üçün qətiyyətli hərəkət edəcək, Livanda və digər cəbhələrdə maksimum təzyiq siyasətini davam etdirməkdə qərarlıdır.

 

"Baş nazir Binyamin Netanyahu və mən Livanda, digər cəbhələrdə maksimum təzyiq siyasətini davam etdirməkdə qərarlıyıq. İsrailin şimalında yaşayan sakinlərə və İsrail dövlətinə qarşı hər hansı təhdidin qarşısını almaq üçün qətiyyətli hərəkətə davam edəcəyik",- deyə Katz X-də yazıb.

 

"İsrailə əl qaldıran hər kəsin əli kəsiləcək",- o əlavə edib.



Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailə problemlərin həlli lazım deyil, o müharibə yolunu seçib:

 

“İsrailin müdafiə nazirinin bu sərt bəyanatı bölgədə əbədi müharibə anonsu verir. Görünür, İsrail bütün qonşu ölkələrin ərazilərini tədricən işğal etməkdə qərarlıdır. Bunun üçün də şübhəsiz ki, bəhanələr, gərginlik, səbəb lazımdır. Səbəbi də özləri yaradır. "Maksimum təziq siyasəti", yəni bölgədə əsla sülhdən söhbət gedə bilməz, deməkdir. Livanı, Suriyanı, Yəməni də əslində təxribata İsrail çəkir. Çünki həmin ölkələrdə baş verənlər İsrailin yeni işğal həyata keçirməsi üçün zəruridir. "Böyük İsrail" planı, "Vəd edilmiş torpaqlar" ideyası Yaxın Şərqdə əsla qanın durmasına imkan verməyəcək. Hazırda İsrailin, ABŞ-nin sülh planları ilə də razılaşmaması onun bu planının reallaşması üçündür. Bu çox təhlükəli plandır. Nəinki bölgə üçün, bütün dünya üçün sonsuz münaqişə və qlobal problemlər vəd edir. İsrail beynəlxalq hüquqa, BMT-nin qərarlarına məhəl qoymur və işğala əsas üçün ətraf ölkələrin sərhədlərinə toxunur, tez-tez Suriyanı, Livanı bombalayır, dinc əhalinin geniş şəkildə genosidini həyata keçirir. Bir neçə dövlət bu kimi məsələlərə əsasən Baş nazir Netanyahuya qarşı həbs qərarı da çıxarıb. Dünyanın ən aqressiv gücü kimi xarakterizə olunan İsrail hakimiyyəti yalnız müharibə etmək yolunu seçib. Bu da həll yolu deyil. Onu təbii ki, özləri də bilir. Çünki İsrailə həll lazım deyil. Həll olunsa, qan dayanacaq. Qan dayananda da növbəti işğalları həyata keçirə bilməz”.

 

Ekspert qeyd edib ki, “maksimum təzyiq” deyil, “maksimum sülh və sabitlik” İsrail və ümumi bölgə üçün əminamanlıq deməkdir:

 

“Müdafiə nazirinin bu aqressiv bəyanatı Yəmən, Livan, Fələstindəki qüvvələri səfərbər etmək, təxribata çəkmək üçün verilib. Həmin qüvvələrin İsrailə hücum və yaxud təhdid yaratmasını İsrailin özü məhz bu şəkildə təşkil edir. Çünki bu addımlar onun planının icrası üçün əsaslı bəhanələr yaradır, əlinə dəstəvuz verir. "Maksimum təziq" siyasəti bölgədəki gərginliyi daha da artıracaq. Sülhün mümkünsüzlüyünü ortaya qoyacaq və yeni müharibəyə sövq edəcək. Ancaq ABŞ və Türkiyənin önə sürdüyü sülh planı ilə hərəkət edilsə, aqressiya və təhdid dili kənara qoyulsa, Misir anlaşmasının tələblərinə uyğun olaraq HƏMAS da daxil olmaqla digər güclərlə də ortaq məxrəcə gəlmək olar. Amma müharibə dili ilə yalnız müharibə etmək mümkündür. Müharibə İsrail dövlətinin özü üçün də xoş gələcək vəd etmir. Əbədi düşmənçilik və bölgənin daima gərgin vəziyyətdə saxlanılması Türkiyə, region və digər dünya ölkələrinin də maraqlarına, təhlükəsizliyinin təminatına xələl gətirir. Netanyahu komandası nəticədə İsrailə və bölgəyə müsbət aqibət gətirmir. Bütün dünyada İsrailə qarşı etirazlar keçirilir, ölkənin obrazı mənfi təqdim olunur, işğalçı, soyqırımı həyata keçirən kimi tarixə həkk olunur. ABŞ-nin mümkün qədər bu məsələləri yumşaltmağa çalışması da nəticə vermir. İsrailin özündə belə Netanyahuya, onun hakimiyyətinə qarşı ciddi etirazlar var. İsrailin real sərhədləri BMT-nin qərarı əsasında müəyyən olunub təhlükəsizliyi beynəlxalq səviyyədə təmin olunmalı, Fələstin dövləti də rəsmən qəbul olunmalıdır. Sülh bundan sonra mümkün ola bilər. Əks halda, əbədi müharibədən başqa yol qalmır. Əbədi müharibə isə nəinki bölgəyə, bütün dünyaya öz mənfi təsirini göstərəcək. Bu müharibə Türkiyə üçün də ciddi problemlər meydana gətirə bilər. Buna görə Türkiyənin də məqsədi bölgədə sülhə nail olmaqdır. Hər halda "maksimum təziq" siyasətindən əl çəkib "maksimum sülh və sabitlik" siyasəti həyata keçirilsə, bu həm İsrailin özü həm də ümumi bölgə üçün əminamanlıq bəxş edə bilər”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər