İsrail Livana kütləvi zərbələr endirməyə başlayıb
İsrail ordusu Livana yeni kütləvi zərbələr dalğasının başladığını elan edib.Bu barədə İsrail ordusunun Teleqram kanalında bildirilib.
Qeyd edilir ki, Hizbullahın Livandakı hərbi hədəfləri zərbələrə məruz qalıb.Bundan bir qədər əvvəl İsrail hərbçiləri Livanın cənubundakı bir neçə sərhəd bölgəsinin əhalisini təxliyə edilmələri barədə xəbərdarlıq etmişdi.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailin Livana qarşı zərbələri əlbəttə ki, regional təhlükəsizliyə təsir göstərir:
“Amma biz elə bir regiondan danışırıq ki, orada tarix boyu heç bir mərhələdə təhlükəsizlik təmin edilməyib.Tarixin bütün dövrlərində Yaxın Şərqdə hansısa dini nümayəndə digər dinə qarşı, yaxud bir etnik qrup başqa bir etnik qrupa qarşı savaş başladıb.Bu müharibələr dayanmadan davam edib. Orada həmişə savaş, qan olub, heç bir təhlükəsizlik mühiti formalaşmayıb. Hazırda da bu, mümkün deyil. Hətta bəlkə də yaxın 100-200 ildə belə mümkün olmayacaq.
Buna görə də, əgər biz Yaxın Şərqin təhlükəsizliyindən və ya orada təhlükəsizliyin necə formalaşacağından danışırıqsa, ilk növbədə nəzərə almalıyıq ki, söhbət heç vaxt təhlükəsizlik qurulmayan, qurula bilməyən və bəlkə də qurulmayacaq bir regiondan gedir. Orada bütün addımlar yalnız mövcud təhlükəsizliyin çözülməsinə istiqamətlənib”.
İsrailin bu zərbələrinə — Hizbullah cavab verəcəkmi və verəcəksə, hansı ssenarilər baş verə bilər?
Siyasi şərhçi qeyd olunan sualla bağlı bildirib ki, Hizbullah bacardığı qədər İsrailə və ya regiondakı digər rəqiblərinə, düşmənlərinə qarşı mübarizə aparacaq:
“İndiyədək də atəş açıb, zərbələr endirib. Amma bu gün Hizbullahın fəaliyyəti müəyyən qədər məhdudlaşıb.
Suriyadakı dəyişikliklərdən sonra Hizbullah ən böyük silah və maddi-texniki dəstəkçisi olan İrana çıxışını itirib. İndi onun daha rahat hərəkət etməsi, hərbi-texniki baza formalaşdırmaq imkanları məhduddur. Maddi imkanları yaxşı olsa da, hərbi dəstək baxımından çətinlikləri var. Buna görə də Hizbullah bacardığı qədər cavab verməyə çalışacaq, amma bu cavabların nə dərəcədə effektiv və məqsədlərinə çatdırıcı olacağı sual altındadır. Düşünürəm ki, hazırkı vəziyyətdə çox da kəsərli ola bilməz”.
Həşim Səhrablı son olaraq açıqlamasına əlavə edib ki, genişmiqyaslı müharibə ehtimalına gəldikdə isə, onsuz da bölgədə müxtəlif münaqişələr mövcuddur:
“Suriyada baş verənlər, İraqda terror mühitinin tam aradan qaldırılmaması, regiona təsir edən digər güclərin fəaliyyəti və s. Bunların hamısı genişmiqyaslı qarşıdurmadan xəbər verir. Sadəcə, hələlik bu, tammiqyaslı müharibəyə çevrilməyib.İsrailin Qəzzaya hücumları, Livana zərbələri, Suriyadakı əməliyyatları göstərir ki, cəbhə kifayət qədər genişlənib. Amma İsrailin qarşısında duran regional qüvvələr və yerli icma-tayfa qüvvələri hələ ki, İsrailə qarşı kütləvi cavab aksiyaları başlatmayıb.
Əgər bu cavablar başlayacaqsa, İsrail də məcbur olacaq hücumlarını və hərbi əməliyyatlarını daha da sərtləşdirməyə. Yox, əgər qarşı tərəflər diplomatiya yoluna, siyasi anlaşmalara üstünlük verəcəklərsə və problemi sivil yollarla həll etmək mövqeyində dayanacaqlarsa, onda əməliyyatların genişlənməsi və genişmiqyaslı müharibə ehtimalı hələ müəyyən müddətə ertələnəcək”.
Ləman Mahmudlu