İsrail Netanyahunun həbsi üzrə orderi ləğv etməyi tələb edir
İsrail Beynəlxalq Cinayət Məhkəməsinə (MKS) müraciət edərək prokuror Karim Xanının İsraillə bağlı işlərdən kənarlaşdırılmasını və Baş nazir Benyamin Netanyahunun həbsi üçün verilən orderin ləğvini tələb edib.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında Züriyə Qarayeva bildirib ki, İsrailin Beynəlxalq Cinayət Məhkəməsinə rəsmi müraciət edərək baş prokuror Kərim Xanının prosesdən kənarlaşdırılmasını və Benyamin Netanyahunun həbsi üçün verilən orderin ləğvini tələb etməsi həm hüquqi, həm də siyasi müstəvidə yeni gərginlik xətti yaradır:
“Bu, təkcə bir dövlətin öz liderini müdafiə etmək cəhdi deyil -
beynəlxalq hüquq sisteminin legitimliyinə, tribunal mexanizmlərinə və dövlətlərin məsuliyyəti prinsipinə yönələn ciddi çağırışdır. Tələbin arxasında bir neçə məntiq və hesablanan siyasi məqsəd dayanır.
İsrailin hüquqi arqumentləri əsasən məhkəmənin yurisdiksiyası ilə bağlıdır. Rəsmi Tel-Əviv uzun illərdir iddia edir ki, Fələstin dövlət olaraq MKS-in yurisdiksiyasını qəbul etmək səlahiyyətinə sahib deyil və buna görə Məhkəmənin İsrail ərazisində baş verən hadisələrlə bağlı qərar vermək hüququ yoxdur. Onlar həmçinin qeyd edirlər ki, İsrailin öz məhkəmə sistemi fəaliyyət göstərir və bu səbəbdən MKS-in müdaxiləsinə ehtiyac yoxdur. Bu arqument “komplementarlıq prinsipi”nə əsaslanır əgər dövlət özü istintaq aparırsa, MKS işə qarışmamalıdır. Tel-Əviv bunu əsas gətirərək orderi qeyri-legitim adlandırır. Siyasi müstəvidə vəziyyət daha mürəkkəbdir. İsrail hesab edir ki, Kərim Xan prosesi siyasiləşdirir və münaqişənin kontekstini nəzərə almadan qərar verir. Bu arqument həm daxili auditoriyaya, həm də ABŞ kimi müttəfiqlərə yönələn mesajdır. Netanyahu hökuməti üçün MKS-in qərarı həm beynəlxalq aləmdə reputasiya zərbəsi, həm də siyasi reytinqi zəiflədən amildir. Buna görə Tel-Əviv prokuroru neytrallığını itirməkdə ittiham edərək onun kənarlaşdırılmasına çalışır. Bu addımın MKS-İsrail münasibətlərini yeni gərginlik mərhələsinə keçirəcəyi şübhəsizdir. Hələ əvvəldən Məhkəmə ilə İsrail arasında inamsızlıq və qarşılıqlı ittihamlar mövcud idi. Lakin bu dəfə məsələ daha dərin xarakter daşıyır. İsrail faktiki olaraq MKS-in legitimliyini sual altına alır. Bu, yalnız iki tərəf arasında deyil, həm də beynəlxalq hüquq sistemində böyük bir presedent yarada bilər. MKS-in qərarlarının siyasi təzyiqlərlə dəyişdirilməsi ehtimalı yaranarsa, bu, məhkəmənin gələcək fəaliyyətinə ciddi zərbə vuracaq. MKS-in müstəqilliyi baxımından isə İsrailin addımı təhlükəli siqnaldır. Məhkəmələrin beynəlxalq səviyyədə müstəqilliyi ədalətin təminatı üçün əsas şərtdir və hər hansı dövlətin konkret prokuroru və ya qərarı hədəf alaraq məhkəməni prosesdən kənarlaşdırmaq tələbi hüquqi sistemə birbaşa siyasi müdaxilə kimi dəyərləndirilir. Əgər belə arqumentlər qəbul olunsa, gələcəkdə istənilən böyük dövlət öz liderinə qarşı cinayət iddiaları irəli sürüldükdə eyni mexanizmdən istifadə edə bilər. Nəticə etibarilə, İsrailin bu addımı həm özünü müdafiə cəhdi, həm də beynəlxalq hüquqi sistemə meydan oxuma kimi qiymətləndirilir. MKS-in cavabı isə yalnız bu iş üzrə deyil, ümumilikdə beynəlxalq hüququn gələcək gücü və nüfuzunun hansı səviyyədə olacağına dair mühüm göstərici olacaq”.
Səadət Əlizadə
