00:00:00
Yazar
Admin User
23.10.2025 15:19 323 3 dəq oxuma
Siyasət

İsrail ordusu Qəzzaya yeni zərbələr endirdiyini açıqlayıb

İsrail ordusu Qəzzaya yeni zərbələr endirdiyini açıqlayıb

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağına Fələstin radikal qruplaşmalarının atəşinə cavab olaraq yeni zərbələr endirməyə başlayıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Politoloq Tural İrfan bildirib ki, İsrailin yenidən Qəzzaya hücumu odla oynamaq kimidir və bölgədə yenidən vəziyyəti gərginləşdirə bilər:

 

“Bu dəfə hadisələr heç də İsrailin arzuladığı cərəyan etməyəcək. Çünki Avropa dövlətlərinin və Türkiyənin ciddi müdaxiləsi qaçılmaz olacaq. Beynəlxalq münasibətləri də gərginləşdirən durum İsrailə qarşı daha ciddi addımların atılmasını labüdləşdirə bilər. Eyni zamanda ABŞ-nin və liderinin sülh planını şübhə altına alar. Məlumdur ki, Qəzzada müvəqqəti atəşkəsin elan edilməsi İsrailin əsirlərinin azad edilməsi üçün bir manevr idi. İsrail yenidən atəşkəsi pozdu və Tramp da Həması günahkar hesab etdi. Xüsusən Əfqanıstanı Pakistanla müharibəyə sövq etmək cəhdinin boşa çıxması Qəzzada yenidən müharibəni davam etməyə meyl yaradır. Eyni zamanda İsrail Suriyaya qarşı da təxribat planlarını davam etdirir. Müharibə alovunun sönməsini məğlubiyyəti kimi xarakterizə edən İsrail təbii ki, bəhanələr tapıb yenidən genosidə davam etmək istəyir.
İsrail nəinki təkcə Türkiyə və Suriya üçün, bütün bölgə üçün ciddi təhlükə yaradır. Dövlət hədəfi kimi qonşu ölkələri işğal edərək "Böyük İsrail" yaratma strategiyasını izləyir. "Vəd edilmiş torpaqlar" inancını dövlət proqramına salaraq Nil çayından Fərata qədər özünün hesab edir. Təbii ki, hazırda heç kəs onun bu planınından vaz keçirməyə qadir deyil. Lakin müəyyən qədər bunu ləngitmək yaxud işğalı nəzərdə tutulan dövlətlərin qüdrətlənməsi baş verə bilər ki, bu da həmin planın baş tutmamasına imkan yaradar. Hazırda İsrailin planı Suriyada mümkün qədər təxribatlar, üsyanlar, iğtişaşlar yaradıb separatçı təşkilatların əli ilə dövlətin möhkəmləndirilməsinə imkan verməməkdir. Suriyada əsas sərmayə qoyan və aparıcı təsirə malik olan Türkiyədir. İsrailin təxribatları regionda yeni münaqişə ocaqları yarada bilər. Onsuz da İsrailin məqsədi odur. Hətta Həmasın Suriyada fəaliyyətinə şərait yaratmaq istəyirlər ki, onu bəhanə edib Suriyanı da yenidən Qəzza kimi dağıtsınlar. Hər halda Suriyada yeni münaqişə yaranmaması üçün Türkiyə ABŞ ilə danışaq aparmalı, əvvəlcə daxildəki qruplarla yol tapılmalıdır ki, dövlətə içəridən zərbə dəyməsin. Druzlar, Suriya Demokratik Qüvvələri, Ələvilər və digərləri İsrailin təsiri altında Suriyanı yenidən qan gölünə çevirib İsrailə təhvil vermək istəyir. Əgər ABŞ bunu istəmirsə İsrailə təsir göstərə bilər. Türkiyənin Suriyada təhlükəsizliyini təmin etməsi labüddür. Əgər İsrail hərbi müdaxilə edərsə Türkiyənin cavab verməsi də qaçılmaz olacaq. İsrailin qonşu ölkələri zəif saxlamaq siyasəti guya təhlükəsizliyi üçündür. Ancaq reallıq budur ki, əksinə İsrail bununla özünə təhlükə yaradır. Zəif saxlamaq istədiyi ölkələrin içindən radikal silahlı qruplar yaranır və ümumi bölgə üçün təhlükə yaradır. ABŞ-nin Türkiyəni dəstəkləyəcəyinə inanıram. Çünki Tramp sülhə meyllidir və bu kimi münaqişələri həll etməyi də özünə fəxarət hesab edir. Ona görə marağı olacaq ki, Suriyada vəziyyət normallaşsın. Əgər Ukrayna və Rusiya aranda sülh bərqərar olunsa belə Qəzza və Həmasla bağlı problem davam edəcək. Çünki ABŞ və İsrailin məqsədi Həması tam yox etmək və Qəzzanı İsrailin nəzarətinə keçirməkdir".


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər