İsrail qəfil müharibəyə hazırlaşır
İsrail Ordusunun (ÇAXAL) Baş Qərargah rəisi Eyal Zamir bu gün Qəzza zolağına səfər edərək ərazidəki operativ vəziyyəti yerindəcə qiymətləndirib. O bildirib ki, atəşkəsə baxmayaraq, bütün cəbhələrdə təhlükələrin qarşısının alınması istiqamətində işlər davam edir və ordu qəfil müharibə ssenarisinə hazırlaşır. Zamir həmçinin vurğulayıb ki, HƏMAS-ın bərpa olunmasına imkan verilməyəcək və sektorun əsas xətləri İsrailin nəzarətində saxlanılır.
Mövzu ilə əlaqədar “İnformator.az”a Ağ Partiya başqanının müavini, beynəlxalq məsələlər üzrə şərhçi Cavanşir Abbaslı açıqlama edib:
“Öncəliklə qeyd etmək lazımdır ki, İsrailin qəfil hücuma keçəcəyi ilə bağlı ehtimallar artsa da, belə bir hadisənin baş verəcəyini düşünmürəm. Çünki indiki şəraitdə İsrailin dərhal yeni bir müharibəyə başlaması gözlənilmir. Bununla belə, bölgədə təhlükəli durumun davam etdiyi də reallıqdır. Tarix boyu bu cür gərginliklər hər zaman mövcud olub və indi də vəziyyət dəyişmir. Sadəcə İsrail qəfil müharibə gözlənilməsə belə, müəyyən mesajlar vermək üçün “hər an müharibəyə hazıram” görüntüsü yaratmağa çalışacaq. Eyni zamanda yeni real təhlükələrin yaranması da mümkündür. Hazırda bütün diqqət Ukraynada müharibənin bitirilməsinə yönəlib və ABŞ-nin əsas prioriteti də məhz bu prosesdir. Bu səbəbdən Qəzza bölgəsi ikincidərəcəli münaqişə məkanı təsiri bağışlayır. Amma bu, İsrail-Həmas arasında yenidən savaş olacağı demək deyil. Ən azı Donald Tramp hakimiyyətdə olduğu müddətdə belə bir müharibənin baş verməsi ehtimalı çox zəif görünür”.
C. Abbaslı qeyd edib ki, uzun müddətdir bölgədə müəyyən təhlükəsizlik balansı yaranıb:
“Son müharibə göstərib ki, hər iki tərəf ciddi itkilər verib. Xüsusilə Qəzzada yaşanan humanitar fəlakət dünya ölkələrinin reaksiyalarını əvvəlkindən daha sərt edib. Məsələn, Avroviziyada İsrailin iştirakı ilə bağlı yayılan xəbərlərdən sonra Avropanın bir sıra — təxminən beşdən çox — ölkəsi yarışmada iştirak etməyəcəyini bəyan edib.Yarışma sadə olsa da, siyasi çalarları həmişə güclü olub və bu addımlar Avropanın Qəzzadakı son insanlıq faciəsinə münasibətinin hələ də sərt qaldığını göstərir. Həmçinin düşünürəm ki, Həmasın yaxın vaxtlarda yenidən eyni güclə fəaliyyət göstərməsinə imkan verilməyəcək. Çünki son müharibədə hücuma başlayan tərəf Həmas olub və bir sıra məqamlarda həmin hücum İsrailə müəyyən dividendlər qazandırıb, onun mövqelərini möhkəmləndirib. Bu səbəbdən həm regional aktorlar, həm də beynəlxalq güclər bu təşkilatın yenidən güclənməsinə şərait yaratmayacaqlar. Eyni zamanda İsrailin də Qəzzada yeni bir müharibəyə başlamasına icazə verilməyəcək. İstənilən halda bölgədə uzunmüddətli sülhün yaxın vaxtlarda bərqərar olunacağı qənaətindəyəm. Bütün proseslər İsrail-Həmas qarşıdurmasından çox, Rusiya-Ukrayna müharibəsinin taleyindən asılıdır. Bu savaş bitdikdən sonra Qəzzada da davamlı sülh üçün bir sənəd imzalanacaq. Bunun isə ən azı Donald Trampın hakimiyyət dövründə — təxminən 2028-ci ildə — baş verəcəyi ehtimal olunur”.
Ləman Mahmudlu
