İsrail Qəzzada HƏMAS-a qarşı silahlı qruplardan istifadə edib
İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada HƏMAS-a qarşı mübarizədə bəzi silahlı dəstələrdən istifadə edildiyini etiraf edib. O bildirib ki, təhlükəsizlik rəsmilərinin məsləhəti ilə hökumət anklavda güclü yerli klanları fəallaşdırıb. Bu açıqlama keçmiş müdafiə naziri Aviqdor Libermanın Netanyahuya irəli sürdüyü ittihamdan dərhal sonra verilib.
Bəyanat, İsrailin Qəzzada HƏMAS-a rəqib olan və yardım maşınlarını ələ keçirməkdə günahlandırılan silahlı qrupları dəstəklədiyini ilk dəfə açıq şəkildə təsdiqləyib. Associated Press-in məlumatına görə, bu qruplardan biri Rafah şəhərində Yasir Əbu Şababın rəhbərlik etdiyi Xalq Qüvvələridir.
"Haaretz" qəzetinin yazdığına görə, bu silahlı dəstədə təxminən 100 nəfər var və onların İsrail ordusunun gizli icazəsi ilə hərəkət etdiyi bildirilir. Qrup son vaxtlar bəyan edib ki, onun döyüşçüləri Qəzza Humanitar Fondunun idarə etdiyi paylama mərkəzlərinə yardımların çatdırılmasına kömək edir. Əl-Cəzirə-nin məlumatına əsasən, Netanyahu bu qərarın İsrail kabinetində müzakirə olunmadan verildiyini deyir. Müxalifət isə buna sərt reaksiya göstərir. İsraildə bir çoxları silahlı cinayətkar qruplara silah verilməsinin ciddi təhlükə yaratdığını düşünür.
Al Jazeera
Qəmər Kazımzadə