İsrail–Suriya təhlükəsizlik razılaşması gündəmdədir
İsrail və Suriya yaxın vaxtlarda təhlükəsizlik sahəsində razılaşmaya nail olmaq üçün intensiv diplomatik təmaslar aparır. Tərəflər arasında müzakirələr regional sabitliyin təmin olunması, qarşılıqlı təhdidlərin azaldılması və sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məsələlərini əhatə edir.
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahunun yeni il ərəfəsində ABŞ-yə səfəri və həmin səfər çərçivəsində ABŞ Prezidenti cənab Donald Trampla görüşü zamanı bir sıra mühüm məsələlər, xüsusilə də Suriya mövzusu müzakirə olunub:
“Görüş əsnasında Tramp Suriyanın yeni hökumətinə, yəni Əş-Şara hakimiyyətinə etimad göstərilməsinin vacibliyi ilə bağlı İsrailin baş nazirinə açıq mesaj verib. Bu kontekstdə məqsəd Suriyanın Rusiya və İrandan asılılığını minimuma endirməkdir. Bununla yanaşı, regionda, xüsusən də İsrail-Suriya münasibətlərində təhlükəsizliyin təmin olunması və sülh mexanizmlərinin formalaşdırılması gündəmdədir. Müzakirələrdə İsrail tərəfinin həmin bölgədə yaşayan druzların təhlükəsizliyi, tərəflərin bir-birinin daxili işlərinə qarışmaması, qarşılıqlı təhdid ritorikasından imtina edilməsi kimi məsələlər də yer alıb”.
Ekspert həmçinin bunu da qeyd edib ki, Suriyanın yaxın gələcəkdə, 2020-ci ildən başlanan proses çərçivəsində, İbrahim Razılaşmalarına qoşulması ehtimalı da müzakirə olunub. Böyük ehtimalla, Əş-Şara hakimiyyəti bu razılaşmalara qoşulmağa meyillidir:
“Yaxın vaxtlarda Suriyanın geniş tərkibli nümayəndə heyəti Rusiyada səfərdə olub və Rusiyanın Suriyada yerləşən hərbi bazalarının gələcək təhlükəsizliyi ilə bağlı danışıqlar aparılıb. Bütün bu proseslər fonunda İsrail və Suriya arasında müəyyən razılaşmanın əldə olunacağı istisna edilmir və bunun ardınca Suriyanın İbrahim Razılaşmalarına qoşulması real görünür. Uzunmüddətli sülhün təmin edilməsi üçün Suriya ilə İsrail arasında münasibətlərin normallaşması və Suriyanın İbrahim Razılaşmalarına qoşulması əsas şərt kimi gündəmdə qalır. Bu istiqamətdə proseslər davam edir”.
Güllər Gülhüseynova
