İsrail Suriyaya hücum edib
İsrail Suriyanın cənubunda yerləşən Beyt Cin şəhərinə hava zərbələri endirib.
“Hava zərbələri nəticəsində 9 suriyalı ölüb. İsrail əsgərləri ilə suriyalı silahlılar arasında baş verən atışmada 3-ü ağır olmaqla, 6 İsrail əsgəri də yaralanıb. Bundan əlavə, gecə reydi zamanı üç şübhəli həbs olunaraq dindirilmək üçün İsrailə aparılıb”, - məlumatda bildirilib.
Bu mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli “İnformator.az”a bildirib ki, İsrail dövləti yarandığı gündən etibarən bir neçə ölkə ilə, o cümlədən Suriya ilə münaqişə vəziyyətində olub:
“Bu münasibətlər bu günə qədər gərgin şəkildə davam edir. Suriya İsraili düşmən ölkə hesab etdiyinə görə vətəndaşlarının ora səyahət etməsini qadağan edib. İsrail pasportu ilə Suriyaya daxil olmaq mümkün deyil. 1967-ci ildə baş verən Altıgünlük Müharibə zamanı Suriya bu prosesə aktiv şəkildə qoşulub. 1972-ci ildə, həmçinin 1980-ci illərdə də gərginlik yenidən artıb. Yəni, müəyyən dövrlərdə nisbi sakitlik olsa da, bu vəziyyət heç vaxt davamlı sülhə gətirib çıxarmayıb. İki ölkə arasında nə siyasi, nə də iqtisadi əlaqələr qurulub - tərəflər faktiki olaraq bir-birini düşmən kimi qəbul edir. Son illərdə isə İsrailin Suriyaya münasibəti daha da sərtləşib. İsrail Suriya ərazisindən istifadə olunan bölgələrə və sərhədlərə yaxın şəhərlərə hava zərbələri endirir, müxtəlif reydlər həyata keçirir. İsrailin məqsədlərindən biri Suriyada Türkiyənin möhkəmlənməsinin qarşısını almaqdır. O, Türkiyə ilə sərhədə yaxın ərazilərdə öz maraqlarına uyğun hakimiyyətin formalaşmasını istəyir. Həmçinin İsrail bölgədə ərazi genişləndirməsi siyasətini davam etdirir. Onların dini mətnlərində Nil çayı ilə Fərat çayı arasındakı ərazilərin “vəd edilmiş torpaqlar” kimi göstərilməsi də bu ideyanı siyasi səviyyədə əsaslandırmaq üçün istifadə olunur. İsrail artıq Fələstin istiqamətində bu siyasətin müəyyən hissəsini reallaşdırıb və bu prosesin coğrafiyasını genişləndirməyə çalışır. Bugünkü kiçik toqquşmalar və hərbi əməliyyatlar da bu daha böyük strategiyanın tərkib hissəsi kimi qiymətləndirilir. Son dövrlərdə gərginliyin daha da artmasına baxmayaraq, ABŞ-nin vasitəçilik cəhdləri hələlik ciddi nəticə vermir. İsrail Amerika ilə münasibətlərdə üstünlüklər qazansa da, Ərəb dünyası ilə münasibətlərdə eyni nailiyyətləri əldə edə bilmir. Münaqişənin kökləri təkcə siyasi deyil, həm də dini və mədəni fərqlərlə bağlı olduğundan məsələnin tarixi çox daha dərinlərə gedib çıxır. İsrail yaranandan bəri regionun bir neçə ölkəsi xüsusilə Fələstin, Suriya və müəyyən dövrlərdə Misirlə ciddi qarşıdurma yaşayıb. Bəzi ölkələrlə münasibətlər sonradan normallaşsa da, Fələstin və Suriya ilə əlaqələr heç vaxt düzəlməyib və bu gün də gərgin olaraq qalır. Nəticə etibarilə, İsrail Suriyanın və Fələstinin də daxil olduğu geniş bölgəni öz tarixi ərazisi hesab edir və bu ideyanın reallaşması üçün ardıcıl fəaliyyət göstərir. Bu prosesdən geri çəkilmək niyyətində olmadığı da aydın görünür”.
Cavahir Əsgərbəyli