İsrail Türkiyəni niyə təhdid olaraq görür?
İsrail indi İranı yox, Türkiyəni bir nömrəli təhlükə olaraq görür.
Bu sözləri keçmiş ABŞ kəşfiyyatçısı Skott Ritter deyib.
Ritter bildirib ki, İsrail Türkiyə ilə birbaşa münaqişədən qaçmaq üçün Suriyada bufer zona yaratmaq istəyir.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a bildirib ki, hazırda Yaxın Şərq regionu yenidən dizayn olunur:
"ABŞ bu layihənin əsas ssenari müəlliflərindən biridir. Ona görə də ABŞ dünyada ən yaxın müttəfiqi olan İsrailin Yaxın Şərqdə hegemon mövqelər tutması üçün Yaxın Şərqin yenidən dizayn olunmasına çalışır. İsrailin də atdığı bütün addımlar ABŞ-nin dəstəyi ilə atılır. Hazırda İsrailin Yaxın Şərqdə əsas rəqibi hesab olunan İran nisbətən zəiflədilib. Ona görə də hesab olunur ki, rəqiblərdən biri artıq təsirsiz vəziyyətdədir. Ancaq İsrailin digər rəqibi olan Türkiyə öz nüfuzu və gücü ilə Yaxın Şərqdə əsas dominant dövlət rolunu oynayır. Məsələ ondadır ki, Türkiyə İranla müqayisədə daha güclü bir dövlətdir. Türkiyə hazırda qlobal məkanın əsas siyasi iradə mərkəzlərindən biridir. Üstəlik, həm insan resursları, həm də hərbi potensial baxımından İsraildən daha üstündür. Türkiyənin hazırda İsraildən geri qaldığı tək bir faktor mövcuddur, o da rəsmi şəkildə etiraf edilməsə belə, İsrailin nüvə dövləti olması ilə bağlıdır. Geri qalan bütün göstəricilər üzrə Türkiyə daha güclü bir dövlətdir və İsrail anlayır ki, Türkiyə ilə hərbi qarşıdurma məğlubiyyətlə nəticələnə biləcək bir addım olardı. Türkiyə həm dünyanın güclü dövlətləri sırasına daxildir, həm də qonşu olduğu bütün regionlara təsir gücü ən yüksək səviyyədə olan bir dövlətdir. Hazırda Türkiyə üçün Suriya məsələsi rəsmi Ankaranın istəyi üzrə həll olunur. Bu da İsraili narahat edir. Ancaq bütün bunlara baxmayaraq, rəsmi Ankara qətiyyətli və prinsipial mövqeyini qorumaqda davam edir. İsrailin ən yaxın müttəfiqi ABŞ də Türkiyənin mövqeyi, siyasi və geopolitik maraqları ilə hesablaşdığını biruzə verir. Təbii ki, bütün bunlar Yaxın Şərqin yenidən dizayn olunması ssenarisini ciddi şəkildə dəyişdirə biləcək faktorlardır, çünki Türkiyənin maraqları nəzərə alınmadan Yaxın Şərqin yenidən dizayn olunması mümkün deyil. Təbii ki, bütün bunlar nəzərə alındıqda, Türkiyə faktoru Yaxın Şərqi qarışdırmaq istəyənlər üçün olduqca ciddi müqavimət mərkəzidir. Bu faktor Yaxın Şərqin gələcək taleyinin məhz rəsmi Ankaranın ədalətli mövqeyinə uyğun şəkildə həll olunmasını daha inandırıcı edir".
Fatimə Heydərova