00:00:00
Yazar
Admin User
16.09.2025 18:22 115 5 dəq oxuma
Siyasət

İsrail təcridə qarşı özünə güvənməlidir

İsrail təcridə qarşı özünə güvənməlidir

İsrail təcridə qarşı özünə güvənməlidir - Netanyahu


İsrail beynəlxalq təzyiqlər fonunda təcrid cəhdlərinə qarşı daxili resurslara güvənməli və müdafiə sənayesini ölkə daxilində inkişaf etdirməlidir.Bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.


Məlumata görə, o, Qətər və Çinin informasiya müharibəsi apardığını, Avropada isə müsəlman icmalarının təzyiq göstərdiyini deyib.


“Netanyahunun aqibətini proqnozlaşdırmaq elə də çətin deyil”-Əli Zülfüqaroğlu

Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bununla bağlı “İnformator.az”ın suallarını cavablandırıb.


İsrailin daxili resurslara güvənməsi uzunmüddətdə hansı nəticələr verə bilər?


Əli Zülfüqaroğlu bununla bağlı bildirib ki,İsrailin HƏMAS-a qarşı yanaşı, Hizbullah, Suriya, İran və digər region dövlətlərinə qarşı təkbaşına mübarizə aparmaq potensialı yoxdur:


“Bunun üçün Qərb dövlətlərinin İsrailə limitsiz hərbi-siyasi dəstəyi lazımdır. Amma artıq ən yaxın müttəfiq ölkə sayılan Britaniya, eyni zamanda Fransa və Almaniya nəinki İsrailə limitsiz dəstək vermək haqqında düşünür, ümumiyyətlə Netanyahu hökuməti ilə əks mövqedə olduqlarını açıq şəkildə dilə gətirirlər.


Digər tərəfdən hazırda İsrailə yeganə dəstək verən ABŞ hökuməti belə, bunu Birləşmiş Ştatlardakı sionist lobbi ilə qarşıdurmaya getməmək üçün edir. Tramp administrasiyasında bununla bağlı kifayət qədər ziddiyyətlər var. Bu da o deməkdir ki, ABŞ Netanyahunun uğursuz hərbi əməliyyatlarına limitsiz, yaxud İsrailin istəklərinə uyğun şəkildə dəstək verməyəcək. Bu da İsrail üçün arzuolunan mənzərə deyil. Çünki İsrailin faktiki mümkünsüz olan və dünyada ciddi etirazlar doğuran hərbi-siyasi planları ilə bağlı milyardlarla vəsait lazımdır. Bu da İsrailin potensialını aşır. Ona görə də, İsrail sadəcə daxili resursları hesabına uzunmüddətli hərbi əməliyyatlar apara bilməz”.

 

Siyasi şərhçi qeyd edib ki,İsrailin imicinə mənfi təsir göstərən başlıca səbəb Netanyahudur:


“Onun yürütdüyü qeyri-adekvat siyasət, xüsusilə Qəzzada törədilən qırğınlar İsrail dövlətinə ciddi zərbə vurub. Elə miqyasda zərbədən söhbət gedir ki, yaxın gələcəkdə onun aradan qaldırılması mümkün deyil. Əvvəllər İsrail dini fanatizmə dayanan xarici siyasətini pərdələməyi bacarıb.


İsraildə mövcud olan sionist hökumətlərin “Böyük İsrail” layihəsini reallaşdırmaq üçün Yaxın Şərqdə xaos yaratmaq cəhdləri ilə bağlı fikirlər, yaxud şərhlər sionist sərmayənin təsiri altında olan transmilli media tərəfindən konspirasiya nəzəriyyəsi kimi təqdim edilir, etibarsızlaşdırılıb; nəticədə dünya ictimaiyyəti, eyni zamanda hökumətləri təmsil edən siyasi elitalar belə əsil həqiqəti görməyib. Əksinə, transmilli medianın apardığı propaqanda nəticəsində İsrailin daim təhdid altında olduğu görüntüsü yaradılır və beləliklə də onun “özünümüdafiə” üçün atdığı addımlara haqq qazandırılıb. Nəticədə İsrail limitsiz silah yardımı alır, beynəlxalq ictimai və siyasi dəstək görüb. Amma sosial şəbəkələr transmilli medianın önünə keçəndən sonra sionist lobbinin dünya çapında informasiya blokadası yarılıb. Nəticədə dünya əhalisi tədricən nəyin baş verdiyini anlayıb.


Xüsusilə 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə etdiyi hücumlardan sonra Təl-Əvivin atdığı qeyri-adekvat addımlar və aparılan hərbi əməliyyatlar nəticəsində Qəzzanın yerlə bir edilməsi vəziyyəti tamamilə dəyişib. Dünya ictimaiyyəti birmənalı olaraq İsrail hökumətini hiddətlə qınamağa başlayıb. Halbuki HƏMAS-ın hücumu zamanı dünya ictimaiyyəti ilkin mərhələdə İsrailin yanında idi. HƏMAS-ın hücumundan sonra ənənəvi dəstək görəcəyinə ümid edən Netanyahu tarixi səhvə yol verərək, Qəzzada dövlət ağlını özündə əks etdirməyən kütləvi qırğınlar və dağıntılar törətməklə İsrail dövlətini çıxılmaz duruma sürükləyib.


Daha sonra İsrail–HƏMAS qarşıdurması, eyni zamanda sonrakı mərhələlərdə atəşkəslə bağlı danışıqlar dünya mətbuatında detallı olaraq müzakirə edilməyə başlandı. İsrailin digər dövlətlərə qarşı atdığı addımlar daxil olmaqla, apardığı siyasətin nəinki dövlətlərarası münasibətlər sistemi və beynəlxalq hüquq kontekstində dəyərləndirilməsi mümkün oldu, ümumiyyətlə heç bir sağlam məntiq bunu izah edə bilməyib. Beləliklə də hər kəs əslində uzun illər ərzində İsrailin dini fanatizmə əsaslanan xarici siyasət yürütdüyünü və “vəd edilmiş torpaqlar” prinsipi ilə ərazisini genişləndirməyə çalışdığını anlayıb. Yəni sionizm ifşa olunub. Bununla da sionizmin çöküş prosesinin başlanmasını və bundan sonrakı mərhələlərdə İsrail hakimiyyətində alternativsiz təmsilçilik əldə etmə imkanlarının aradan qaldırıldığını demək mümkündür.


Çünki, İsrail hökumətlərinin sionizm prinsipinə əsaslanan siyasətinin 100 il ərzində mərhələ-mərhələ və effektiv formada həyata keçirilməsi ona görə uğur qazanırdı ki, bunu gizlətmək və beynəlxalq ictimai rəydə tərəddüdlərə nail olmaq mümkün idi. Artıq xüsusilə İsrailin müttəfiqi olan Qərb ölkələrində xalqlar hər şeyi başa düşür və hökumətlərinə İsraillə münasibətlərinə yenidən baxmaları üçün təzyiq edirlər. Hökumətlər də ictimai təzyiqlərdən çəkindiyi üçün İsraillə münasibətlərinə korrektələr edir və əvvəlki formada dəstək verməkdən çəkinirlər. Əksinə, Netanyahu hökumətini açıq formada tənqid edir və suveren Fələstin dövlətini tanıyacaqlarını bəyan edirlər.


Hətta iş o yerə çatıb ki, ABŞ və İsrailin dəstəyi ilə seçilmiş Prezident Mursini devirərək hakimiyyətə yiyələnən Misir Prezidenti Sisi belə, Misir ərazisində HƏMAS üzvlərinə qarşı İsrail tərəfindən hücum olacağı halda, bunu müharibə səbəbi sayacağını və cavabsız qoymayacağını açıq formada bəyan edir. Yəni dövlətlər İsraillə münasibətlərini Netanyahu hakimiyyətindən sonrakı dönəmə hesablayırlar.


Bütün bunlar isə İsrailin dünyada imicinin zədələndiyini, onun haqqında toxunulmazlıq mifinin dağıldığını və bunun İsrail dövlətinə baha başa gələcəyini deməyə əsas verir. Artıq əvvəlki dövrlərdəki kimi, İsrailin soyqırıma uğramış xalq olaraq qoruyucu “soyqırımı çətiri” yoxdur. Əksinə, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbsinə qərar verilmiş bir baş nazirin rəhbərlik etdiyi və Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən soyqırımı ittihamı ilə üzləşmək perspektivi ilə üz-üzə qalan bir dövlət var. Yəni hər şey kökündən dəyişib. Ona görə də suveren Fələstin dövlətinin yaranması qaçılmazdır və bunun üçün beynəlxalq zəmin formalaşıb.


Baş verənlər, yəni Netanyahunun yanlış siyasəti nəticəsində proses onun istəklərinin tam tərsinə cərəyan edir. Qətərə son hücumun fiasko ilə nəticələnməsi Netanyahunun timsalında İsrailə daha bir zərbə olub. Böyük ehtimalla müttəfiqi ABŞ belə, onun Qətərə hücumla uğursuzluğa düçar olmasını istədi və belə də olub. Trampın Netanyahunun Qəzza ilə bağlı atdığı addımlar haqqında yalnız özünün qərar verməsini dilə gətirməsi isə bütün məsuliyyətin ABŞ-nin deyil, İsrail hakimiyyətinin daşdığının mesajı olub. Yəni ABŞ dolayısı ilə İsrail hökumətinin uğursuzluğunu və mənfi sonluğunu gördüyünü və ona şərik olmaq istəmədiyinin mesajını verib”.


Əli Zülfüqaroğlu müdafiə sənayesinin ölkə daxilində inkişafı regional gücə təsiri ilə bağlı açıqlamasında qeyd edib:


“İsrail onsuz da silah sənayesi güclü olan bir dövlətdir. Eyni zamanda güclü hava qüvvələrinə malikdir. Amma təkcə hava qüvvələri və müasir silahlarla hərbi nailiyyətlər mümkün deyil. Bunun üçün eyni zamanda güclü quru qoşunlarının olması və hökumətin effektiv diplomatik fəaliyyəti vacib şərtdir. Bura eyni zamanda informasiya savaşını da əlavə etmək olar.


İsrail ordusunun quru gücü zəifdir; hökumətin başında duran şəxs ən yaxın müttəfiqi Britaniyaya gedəcəyi halda həbs olunacaq. Dünya mediası da İsrailin əleyhinədir. Belə bir durumda Netanyahunun aqibətini proqnozlaşdırmaq elə də çətin deyil”.

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər