İsrail UNRWA-nın Qəzzaya daxil olmasını rədd edir!
İsrail hökuməti Beynəlxalq Ədalət Məhkəməsinin, BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınları üçün Yardım və İş Agentliyinin (UNRWA) sakinlərə yardım göstərmək məqsədilə Qəzza zolağına daxil olmasına dair qərarını rədd edir. Bunu İsrailin xarici işlər naziri Gideon Saar bildirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Vaqif Hüseyn bildirib ki, hazırda İsrail və BMT arasında hər hansı bir əməkdaşlıqdan danışmaq hələ tezdir, hətta mümkün deyil:
“İndinin özündə də, hələ bu Qəzzadakı hadisələrdən sonra İsrailin bu məsələdə BMT ilə geniş əməkdaşlığa getməməsi, hazırkı vəziyyətdə baş verənləri yandırıcı görməsi, işlərin Qəzzada dağıntı, yıxıntı və insan qırğınları ilə müşayiət olunması ilə bağlıdır. Çünki hər bir beynəlxalq təşkilatın fəaliyyəti nəticəsində müəyyən hesabatlar hazırlanır və həmin hesabatlarda İsrail hökumətinin adı müsbət çalarlarla qeyd olunmayacaq. Bəzən belə görünür ki, İsrail hökuməti də bundan ehtiyat etdiyi üçün bu cür əməkdaşlığa getmir.
Amma gələcəkdə bu mümkün ola bilərmi? Qəzzaya daxil olma məsələsində əsas amil İsrail və Amerikanın iradəsindən asılıdır. Amerika belə bir qərar verəcəksə, bu, həmin anda — hətta ordunun belə Qəzzada sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı qərar verməsi halında baş verə bilər. Ümumiyyətlə, hər şey tam açıq deyil. Böyük dövlətlər belə məsələlərdə daha da güclü dövlətlərin iradəsindən asılı olurlar. Üstəlik, bu məsələdə əsas söz sahibi olan böyük dövlətin iradəsi həlledici rol oynayacaq. Yaxın vaxtlarda isə mən bunun baş verəcəyini gözləmirəm",— deyə politoloq qeyd edib.
Ayan Eyvazova
