"İsrail və İran arasındakı münaqişə geri dönüşü olmayan nöqtəyə yaxınlaşır"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunda çıxış edərək bildirib ki, həm Qəzza zolağında baş verən soyqırım, həm də İsrail-İran münaqişəsi sürətlə geri dönüşü olmayan nöqtəyə yaxınlaşır.
O deyib: “Yeni dağıntılar, qan tökülməsi, dinc əhali arasında itkilər və dəhşətli fəlakətlər baş vermədən əvvəl barmaqlar tətikdən çəkilməlidir”.
Ərdoğan vurğulayıb ki, İsrailə təsir göstərə biləcək qüvvələr Netanyahu hökumətinin oyununa aldanmamalı, atəşkəsin əldə olunması və bölgədə sabitliyin təmin edilməsi üçün nüfuzlarını istifadə etməlidirlər.
Prezident qeyd edib ki, İsrail bu gün xəstəxanalarına dəyən zərərlərdən şikayət etsə də, yalnız Qəzza zolağında 700-dən çox tibb müəssisəsinə hücum edib. “Qəzzanı dünyanın ən böyük konslagerinə çevirənlərin hərbi cinayətlərdən danışması – sadəcə utanmazlıq və riyakarlıqdır", – deyə Ərdoğan bildirib.
O əlavə edib ki, İsrail ordusu Qəzzada humanitar yardım növbəsində gözləyən fələstinlilərə də hücumlar edir. “İnsanlar bir parça çörək, bir qab şorba üçün növbəyə dayanırlar, amma vəhşicəsinə hücuma məruz qalırlar",– deyə o vurğulayıb.
Ərdoğan Qəzzada 20 aydan çoxdur davam edən hadisələri “müasir dövrün ən utancverici vəhşiliklərindən biri” adlandırıb. Netanyahu və onun hökumətini bütün qaydaları tapdalayaraq qəddarlıq törətməkdə ittiham edib və onları Hitler və Pol Pot kimi diktatorlarla bir sıraya qoyub. “Netanyahu hökuməti Qəzzadakı soyqırımın əsas məsuludur, amma bu qətliamı görməzdən gələnlər də bu cinayətlərdə şərikdir", – deyə o bildirib.
Ərdoğan həmçinin qeyd edib ki, bütün təzyiqlərə baxmayaraq, Türkiyə rəhbərliyi Fələstin xalqının hüquqlarını daim müdafiə edib: “Sionist lobbinin bizi qorxutmaq siyasətinə baxmayaraq, biz mövqeyimizdən dönməmişik və məzlumların yanında olmuşuq”.
Sonda o bildirib ki, hazırda İslam dünyası çətin dövr keçirir, müharibə və qarşıdurma buludları bu coğrafiyanı bürüyüb.
Anadolu Agency
Ayan Əsgərova