İsrail və Misir kəşfiyyat rəhbərləri Qəzza məsələsini müzakirə ediblər
İsrailin daxili kəşfiyyat agentliyi olan Şin-Betin (Şabak) direktoru David Zini Qəzza dosyesini və atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı danışıqları müzakirə etmək üçün Qahirədə Misirin Baş Kəşfiyyat Xidmətinin rəhbəri Həsən Rəşadla görüşüb.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, istənilən budur ki, bu görüş bölgədə sülhün bərqərar olunmasına xidmət edən, sülh prosesini irəlilədən məsələlərin həllinə yönəlsin:
"Misir İsrail-Fələstin danışıqlarında əsas vasitəçilərdən biridir. Oktyabrın əvvəlində Tramp və Türkiyə Prezidentinin iştirakı ilə Qəzzada atəşkəslə bağlı sazişi imzalayan və təşkilatçılardan biri də məhz Misir olub. Bu ölkə bu gün də Qəzzada hərbi əməliyyatların dayandırılması və ümumiyyətlə, sülh sazişinin imzalanması məsələsində fəal iştirak edir. Bundan sonra da Misirin bölgədə daha aktiv rol alacağı gözlənilir. Məhz bu səbəbdən Misir və İsrailin kəşfiyyat rəhbərlərinin görüşü, çox güman ki, bölgənin gələcək taleyi və xüsusi xidmət orqanlarının əməkdaşlığı məsələlərinə həsr olunub. Əgər bu danışıqlar həqiqətən bölgədə sülhün təmin olunmasına yönəlibsə, onların əhəmiyyəti danılmazdır. Xüsusilə də Qəzzada sülhün təmin edilməsi, qanunsuz silahlı dəstələrin tərksilahı və gizli güc strukturlarının fəaliyyətinin qarşısının alınması məsələlərində xüsusi xidmət orqanlarının əməkdaşlığı mühüm rol oynaya bilər. Məlumdur ki, Qəzzada sülh planının Amerikanın təqdim edilmiş planın hələlik yalnız birinci mərhələsi, o da qismən icra olunub. Bu mərhələ atəşkəsin elan olunması, əsirlərin, girovların və meyitlərin mübadiləsini əhatə edib. Prosesin bu hissəsi demək olar ki, yekunlaşıb. Lakin qarşıda daha mürəkkəb mərhələlər durur".
Müsahib bildirib ki, bura HƏMAS-ın tərksilah olunması, əgər bu baş tutarsa, sülhməramlı qüvvələrin bölgəyə yerləşdirilməsi, Qəzzanın gələcək quruculuğunda Fələstinin iştirakının təmin edilməsi kimi mühüm məsələlər aiddir:
"Bu isə olduqca ciddi müzakirələr və sıx koordinasiyanın aparılmasını tələb edir. Bununla yanaşı, hazırda Qəzzada blokada şəraitində yaşayan insanlar üçün humanitar yardımın təşkili və Qəzza ilə Misir arasında yardım dəhlizlərinin açılması da böyük əhəmiyyət kəsb edir. Belə həssas məsələlərin itkisiz və qarşıdurmasız həyata keçirilməsi isə, şübhəsiz, xüsusi xidmət orqanları arasında əməkdaşlıq tələb edir və bu əməkdaşlıq ciddi nəticələr verə bilər. Məhz bu baxımdan Misir və İsrailin xüsusi xidmət orqanları rəhbərlərinin görüşü həm maraqlı, həm də zəruri bir addım kimi qiymətləndirilməlidir. İstənilən isə budur ki, bu görüş bölgədə sülhün bərqərar olunmasına xidmət edən, sülh prosesini irəlilədən məsələlərin həllinə yönəlsin. Əgər xüsusi xidmət orqanları bu məsələyə müdaxilə edibsə, deməli, ortada ciddi məqamlar var. Amma əsas sual ondan ibarətdir ki, bu məqamlar sülh prosesinə nə dərəcədə dəstək ola və ya hansı təsirləri göstərə bilər. Nəzərə almaq lazımdır ki, Yaxın Şərq və Orta Şərq regionu olduqca gərgin və qaynar bir bölgədir. Bu səbəbdən də burada diplomatik qurumların, dövlət təşkilatlarının və xüsusi xidmət orqanlarının daha fəal və məqsədyönlü şəkildə işləməsinə ciddi ehtiyac var".
Səmayə Səftərova