İsrail və Türkiyə arasında nə baş verir?
Həmasın İsrailə hücumu nəticəsində başlayan müharibə İsrailin Qəzza zolağında apardığı əməliyyatlarla davam edir. Son zamanlar isə Türkiyə və İsrail arasında siyasi zəmində vəziyyət gərginləşir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili terror ölkəsi adlandırıb. Bəs, İsrail və Türkiyə arasında müharibə başlaya bilər mi? Dünya dövlətlərinin İsrail və Həmas arasındakı müharibəyə münasibəti necədir?
Məsələ ilə bağlı, politoq Elşad Həsənov informator.az-a açıqlamasında suallarımızı cavablandırıb:
"Son zamanlar Türkiyə ilə İsrail arasında münasibətlər gərginləşib. Bunun səbəbi oktyabrın 7-də Həmasın İsrailə hücumu nəticəsində yaranan vəziyyət və İsrail-Fələstin müharibəsidir. Həmin gün Həmas İsrailə hücum edərək dağıntılar törətdi, israilliləri öldürdülər və onlardan xeyli hissəsini əsir götürdülər. Bundan sonra Avropa ölkələri,NATO üzvü olan ölkələr, Amerika da daxil olmaqla, İsrailə dəstək oldular”.
Politoloqun sözlərinə görə, Həmasın bu hücumu dünya ictimaiyyəti tərəfindən pisləndi və İsraildən cavab tədbirləri həyata keçirildi.
“Qəzzanı yerlə-yeksan etməyə başladı, beş mindən çox hədəfinə raket zərbələri endirdi. Həmasın bir çox lideri məhv edildi. Artıq günlərdir ki, Qəzzada yerüstü əməliyyatlar həyata keçirilir. İran bildirdi ki, əgər İsrail Qəzza zolağında yerüstü əməliyyatlara başlasa,biz Həmasa dəstək olacağıq. Ancaq günlərdir yerüstü əməliyyatlar başlasa da İran hələ də müharibəyə qoşulmayıb".
Politoloq deyir ki, müharibənin hər an digər ölkələri, Şərqi bütünlüklə öz ağuşuna alması gözləniləndir.
"Artıq körfəzdə Amerikanın bir neçə, Çinin isə 5 hərbi gəmisi var. Müharibənin genişlənməməsi üçün dünyanın böyük güc sahibləri, o cümlədən Amerika müharibənin başqa bölgələrə keçməsini istəmir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan uşaqların, qadınların qətl edilməsinə qarşı hiddətlə çıxış etdi. Və Netanyahunu "hərbi cinayətkar" elan etdi, Həması da "Fələstin xalqının qoruyucusu" adlandırdı”.
Elşad Həsənov düşünür ki, Həmas Fələstini təmsil etmir, Fələstin özü ayrıca iştirak edir.
“Həmas isə radikal silahlı qüvvə,müharibənin yaranmasında əsas səbəbkardır. Azərbaycan hər zaman obyektivliyin yanındadır. Biz də müharibənin dayandırılmasını tələb etdik. BMT-nin 1967- cil qərarında qeyd olunur ki, Fələstin dövləti yaradılsın. Ancaq bu məsələ hələ də qalır,dünya gücləri buna göz yumur. Rəcəb Tayyib Ərdoğan İsraili təcili şəkildə müharibəni dayandırmağa çağırdı".
Elşad Həsənov Türkiyənin müharibəyə qoşulmayacağını düşünür.
“Çünki Türkiyə böyük dövlətdir,NATO-nun üzvü və 2-ci ən böyük orduya sahib olan dövlətidir. Buna görə də Türkiyənin indiki dövrdə müharibəyə qoşulması real görünmür. Türkiyə Suriya qaçqınları ilə doludur və buna görə də Qəzzadan da fələstinlilərin Türkiyəyə getməsini istəmir. Bu səbəblə sülhün olmasını istəyir. Son zamanlar Türkiyə ilə İsrail arasında iqtisadi əlaqələr genişlənib”.
Politoloq deyir ki, bunun səbəbi də Azərbaycan Prezidentinin dəstəyidir.
“Azərbaycan sayəsində İsraillə Türkiyə arasında yaxınlaşmalar, diplomatik, iqtisadi əlaqələr yarandı. Təəssüf ki, bu müharibə, Həmasın İsrailə hücumu ,törətdiyi qırğınlar, İsrailin Qəzza zolağını darmadağın etməsi,hətta xəstəxanalara belə raket atması dünyada hərkəsin narazılığına səbəb olur".
Elşad Həsənov hesab edir ki, yaxın zamanlarda Həmasın əsas rəhbərliyində olan şəxslərın həbs olunmasından və ya onlar məhv edildikdən sonra İsrail və Fələstin arasında böyük güclərin təsiri ilə danışıqlar başlayacaq.
"Ümumiyyətlə,Yaxın Şərqdə sülhün təmin olunması üçün BMT-nin qərarı yerinə yetirilməlidir", - deyə politoloq əlavə edib.
Nəzrin Mirzəyeva
