İsrailin hücumları ərəb ölkələrini NATO tərzi ittifaqa yönəldib
İsrailin Qətər və Qəzza bölgəsinə hücumları ərəb ölkələrində narahatlıq yaradıb və onları NATO tipli hərbi ittifaq yaratmağa sövq edir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirib ki, ərəb ölkələri son vaxtlar İsrailin hücumlarına qarşı NATO çərçivəsində ərəb dövlətlərinin hərbi ittifaq yaratması ideyasını gündəmə gətiriblər:
"Misir bu təşəbbüsü dəstəkləyib, yaxın günlərdə isə Səudiyyə Ərəbistanı ilə Pakistan arasında bu istiqamətdə müəyyən saziş imzalanıb. Lakin mən hesab etmirəm ki, belə bir ittifaq tezliklə reallaşsın. Çünki ərəb ölkələrinin əksəriyyətində ABŞ-nin hərbi bazaları mövcuddur və onlar ABŞ ilə müttəfiqdirlər. Bundan başqa, ərəb dövlətləri arasında ciddi fikir ayrılıqları və qarşılıqlı ziddiyyətlər də var ki, bu da prosesin gerçəkləşməsini çətinləşdirir.Əslində, bu cəhd İsrailin hücumlarının qarşısını almaq məqsədi daşıyırdı. Lakin gördüyümüz kimi, İsrail hücumları dayandırmır, əksinə, Qəzzada əməliyyatları genişləndirir. Son günlərdə Avstraliya, Kanada və Böyük Britaniya Fələstini tanıdı, Fransa da bu məsələni gündəmdə saxlayır. Amma İsrailin Baş naziri Netanyahu açıq şəkildə bildirib ki, heç bir halda Fələstin dövlətinin yaradılmasına imkan verməyəcək. Bu mövqe, əslində, BMT-nin 1967-ci il qərarına da ziddir.Belə şəraitdə ərəb ölkələrinin ittifaq yaratmaq cəhdlərinin real nəticə verəcəyini düşünmürəm. Misir, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın təşəbbüslərinin İsrailə ciddi təsir göstərəcəyi inandırıcı görünmür. Çünki bir müddət əvvəl Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının birgə iclasında da bəyanatlar verildi, amma bunlar İsraili dayandırmadı. Əksinə, İsrail daha da aqressivləşdi və Qəzzaya hücumları artırdı.İsrail Müdafiə Nazirliyinin məlumatına görə, Qəzzada 500 mindən artıq sakin evlərini tərk etmək məcburiyyətində qalıb. Bu isə göstərir ki, İsrail öz məqsədlərinə doğru irəliləyir. Ən önəmlisi isə odur ki, İsrailin arxasında ABŞ dayanır. Ağ Ev yaxın günlərdə Konqresə müraciət edərək İsrailə əlavə 6 milyard dollarlıq silah satışına icazə istəyib. Deməli, İsrail ABŞ-nin dəstəyi ilə hərəkət edir. Ona görə də ərəb dövlətlərinin təzyiq vasitələrinin ciddi nəticə verəcəyini güman etmirəm. İsrail Qəzzanın boşaldılması və işğal siyasətini davam etdirəcək".
Qəmər Kazımzadə
