İsrailin İrana zərbələrini dəstəkləyəcəyik
“İran nüvə proqramını inkişafı etdirməyə davam etsə, İsrailin İrana yeni zərbələrini dəstəkləyəcəyik”.
Bunu ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdə bildirib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailin İrana yönəlik addımlarının əsas məqsədi Yaxın Şərqdə güc balansını Türkiyə əleyhinə saxlamaqdır:
“Məlum idi ki, İsrail İrana qarşı daha ciddi və təsirli zərbələrə hazırlaşır. Bu zərbənin İran üçün daha sarsıdıcı və təsirli olması üçün proksi qüvvələrini zəiflətmək, Qəzzada nisbi sabitlik yaratmaqla əsas hədəfə hücumun önünü açır. ABŞ-nin İsraili açıq dəstəkləməsi də Yaxın Şərqdə gərginliyi artıracaq. Ümumiyyətlə, Yaxın Şərqdə İsrail öz nəzərdə tutduğu hədəflərə çatmayınca qan durmayacaq, siyasi sabitlik olmayacaq. İranın vurulmasında əsas məqsəd regionda Türkiyəni təxribata çəkməkdir. Əgər Türkiyə açıq şəkildə İranın yanında olarsa, İsrail bunun qarşısını almaq üçün ABŞ-nin Türkiyəyə təzyiq göstərməsinə nail olacaq. Əks halda İran müsəlman ölkələrini və Türkiyədəki agentlərini işə salaraq İsrail əleyhinə qaldırıb hökumətə qarşı təxribatlar törədəcək. Məhz bu qeyd olunanları nəzərə alaraq İsrail bir daşla ilk quş vurmaq istəyir. Yaxın Şərqdə güc balansının Türkiyə xeyrinə dəyişməməsi üçün İsrail ABŞ vasitəsilə həm Suriyada SDQ-nin fəaliyyətinə dəstək verir, Ələviləri ayaqlandırır, həm də İrana zərbələr zamanı Türkiyənin mövqeyini sınağa çəkir”.
Ekspert qeyd edib ki, ABŞ-nin İsrailə açıq dəstəyi, əslində Türkiyəyə qarşıdır:
“İrana zərbə zamanı eyni vaxtda Livan və Yəmənə qarşı da hücumlar olacaq. Həmçinin Suriyada daxildəki separatçıları, Druzları qorumaq adı ilə İsrail Suriyaya da zərbə endirəcək. İrana zərbələr rejimin dəyişməsində mühüm rol oynamayacağı təqdirdə sadəcə qeyd olunan üstünlüyü qazanmaq və Türkiyəni təxribata çəkmək xarakteri daşıyacaq. Çünki İran rejiminin ayaqda qalması İsrail və ABŞ üçün regionda bəhanə mənbəyidir. Bütün problemlərdə İran və onun prinsipləri bəhanə tutularaq addım atılır. Eyni zamanda güc balansının Türkiyənin əlinə keçməsi üçün İranda teokratik rejim saxlanılır. İsrailin İrana hücumu bölgədə siyasi risklər yarada bilər. Türkiyənin İranla bağlı mövqeyi müdafiə xarakterlidir. Odur ki, ABŞ-nin bu rəyi Türkiyə ilə münasibətlərində təsir qoya, həmçinin İsrail-Türkiyə münasibətlərinin yenidən müharibə vəziyyətinə gəlməsinə səbəb ola bilər. ABŞ-nin İsrailə açıq dəstəyi İrana görə deyil, əslində Türkiyəyə qarşıdır. İsrailin hazırda çəkindiyi tək qüvvə Türkiyədir. Odur ki, atılan bütün addımların altında Ankaraya qarşı niyyətlər var. Şübhəsiz ki, Türkiyə üçün də böyük risklər meydana gələ bilər. İrana hücum Yəmən Husilərinin və Livan Hizbullahının da hərəkətə keçirilməsi deməkdir. Bu da HƏMAS-ın silahı yerə qoymaması üçün İsrailin növbəti təxribatıdır. Bölgədə İsrailin yeni hücumları HƏMAS-ı aktivləşdirəcək ki, İsrail də bu bəhanə ilə atəşkəsi yenidən pozaraq Qəzzanı tamamilə ələ keçirmək üçün hərəkətə keçəcək. Ümumiyyətlə, Yaxın Şərqdə Türkiyənin və digər region ölkələrinin maraqlarına və təhlükəsizliyinə qarşı nəzərdə tutulmuş planlardan vaz keçilmədən İrana İsrailin hərbi müdaxiləsi regionda yeni müharibə risklərini artırır”.
Lalə Qurbanlı
