İsraillilər Fələstin torpaqlarında yüzlərlə ağacı kökündən çıxarıb
İsrailin işğalı altındakı İordan çayının qərb sahilində fələstinlilərə məxsus torpaqlarda ağaclar məhv edilib. Kalkilya bölgəsinin Azzun qəsəbəsində yerləşən ərazidə israilli məskunlaşanlar 100 zeytun fidanı və 80 zeytun-sitrus ağacını kökündən çıxarıb. Bu ağacların Mahmud və Radi Rıdvana aid olduğu bildirilib.
Fələstin rəsmi agentliyi WAFA-nın məlumatına görə, Maale Şomron məskənindən gələn israillilər həm də kənd təsərrüfatı texnikalarını oğurlayıb, binalara ziyan vurublar.
Fələstin Azadlıq Təşkilatına bağlı komitənin məlumatına əsasən, təkcə may ayında israillilər Qərb sahilində fələstinlilərə və onların mülklərinə qarşı 415 hücum həyata keçirib.
7 oktyabr 2023-cü ildən bəri Şərqi Qüds də daxil olmaqla bölgədə İsrailin hücumları nəticəsində ən azı 986 fələstinli həyatını itirib, 7000-dən çox insan yaralanıb.
TRT XƏBƏR
Mahmudlu Ləman