İstanbulda arıçıları daşıyan mikroavtobus aşıb:
İstanbulun Beykoz rayonunda arıçıları daşıyan mikroavtobusun aşması nəticəsində üç nəfər xəsarət alıb. Hadisə TEM şossesinin Ədirnə istiqamətində, Kavacık Molla Gürani Viyadükü yaxınlığında baş verib.
İlkin məlumata görə, mikroavtobusun arxasına qoşulan qoşqu hərəkət zamanı idarəetmədən çıxaraq nəqliyyat vasitəsinin aşmasına səbəb olub. Nəticədə mikroavtobusda olan üç nəfər xəsarət alıb, pətəklər isə yola səpələnib.
Hadisə yerinə dərhal yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.
Mikroavtobus və qoşqu evakuator vasitəsilə ərazidən çıxarılıb. Qəza səbəbindən bir müddət bağlı qalan magistral yol, təmizlik və qumlama işlərindən sonra yenidən nəqliyyatın hərəkətinə açılıb.
TRT XƏBƏR
Ləman Mahmudlu