İstanbulda Qürur Yürüşündə onlarla insan həbs olunub
23-cü İstanbul Qürur Yürüşü üçün Beşiktaşda toplaşan qruplara polis müdaxilə edib. 50-dən çox insanın saxlanıldığı bildirilib.
LGBTQ+ icması yazılı bəyanat yayaraq bildirib: “'Ailə İli elanları, senzura, həbslər və təzyiqlərlə susmağımız, geri çəkilməyimiz gözlənilirdi. Amma biz yenə də çatlardan sızmağı bacardıq. Hər il olduğu kimi bu il də buradayıq".
“Hər qadağadan sonra yenidən toplaşan, hər hücumdan sonra yenidən dirçələn, hər itkidən sonra bir-birinə sıx bağlanan bir birlik olduq. Bu mübarizə yalnız şüarlardan ibarət deyil, bir-birimizə tutduğumuz işıqla, görünməyən zəhmətimizlə, gündəlik həyatda qurduğumuz həmrəyliklə hörülür", – deyə qeyd olunub.
Türkiyədə LGBTİ+ hüquqları sahəsində fəaliyyət göstərən KaosGL təşkilatının baş redaktoru Yıldız Tar 29 iyun tarixində 54 nəfərin saxlanıldığını açıqlayıb. Onların arasında olan altı vəkildən ikisi sərbəst buraxılıb, 47 nəfərin isə saxlanması davam edir. İstanbul LGBTİ+ Qürur Həftəsinin X hesabından 29 iyun axşamı yayımlanan açıqlamada isə belə deyilir: “Vəkillərimizin verdiyi son məlumata görə, dostlarımızın işgəncə iddiaları hüquq-mühafizə orqanları tərəfindən ifadələrə daxil edilmir". Vətən Təhlükəsizlik İdarəsinə vəkil çağırışı edilib.
Taksimdə keçirilməsi planlaşdırılan Qürur Yürüşü öncəsi İstanbul Valiliyi ictimai nəqliyyata məhdudiyyətlər tətbiq edib.
İstanbul valisi Davud Gül X sosial platformasında etdiyi paylaşımda “Cəmiyyətin huzurunu, ailə quruluşunu və əxlaqi dəyərlərini hədəf alan bu çağırışlara icazə verilməyib” deyə qeyd edib.
BBC News
Fatimə Heydərova