00:00:00
Yazar
Zəri Bayramlı
24.06.2026 22:05 149 2 dəq oxuma
Siyasət

İsveçrə görüşünün yekunu: İran ABŞ ilə birbaşa dialoqu dayandırmaq qərarı alıb-ŞƏRH

İsveçrə görüşünün yekunu: İran ABŞ ilə birbaşa dialoqu dayandırmaq qərarı alıb-ŞƏRH

Dördtərəfli danışıqları dayandırmaqla bağlı qərarımızdan sonra ABŞ tərəfi ilə birbaşa dialoq aparılmayıb. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə deyib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Ağ Evin təhdidləri Tehranı psixoloji baxımdan sıxışdırmaq və güzəştə vadar etmək məqsədi güdür. Bununla belə, tərəflər müharibə riskindən qaçmaq üçün danışıqları tamamilə dayandırmırlar:

 

 

“İsveçrədə keçirilən ABŞ-İran danışıqlarında diqqətçəkən məqamlar yaşanıb. Əsas məqamlardan biri İran nümayəndə heyətinin ABŞ rəsmiləri ilə birbaşa dialoqdan imtina etməsidir. Buna rəsmi Vaşinqtonun, xüsusilə Donald Trampın həmin ərəfədə səsləndirdiyi təhdid dolu bəyanatlar səbəb olub. Bu addımla ABŞ qarşı tərəfə psixoloji təsir göstərməyi və onu güzəştə vadar etməyi hədəfləyir. Trampın bu cür bəyanatlarına vaxtaşırı rast gəlirik. İran isə buna sərt reaksiya verərək, bu şərtlərlə danışıqlar masasına oturmayacağını bildirib.ABŞ və İran arasında birbaşa danışıqlar dayandırılıb və tərəflər vasitəçilər üzərindən danışıqlar aparırlar. Danışıqların tamamilə dayandırılması yenidən müharibə ssenarisini gündəmə gətirə bilər. Bu da nə Vaşinqton, nə Tehran, nə də bütövlükdə dünya üçün arzuolunandır. Məhz bu riski nəzərə alan tərəflər təmasları davam etdirirlər".

 

 

Oqtay Qasımovun sözlərinə görə, növbəti mərhələdə yüksək səviyyəli nümayəndə heyətlərinin görüşü nəzərdə tutulub, digər məsələlərin müzakirəsi üçün isə 60 günlük müddət müəyyən edilib və növbəti qərarlar bu müddətin nəticələrinə uyğun olaraq veriləcək:

 

 

"Artıq hər iki ölkənin texniki heyətləri gələcək görüşlərin təşkili ilə bağlı ilkin razılıq əldə edildiyini bildirirlər.Növbəti mərhələdə yüksək səviyyəli nümayəndə heyətlərinin görüşü razılaşdırılıb və hazırda texniki detallar müzakirə olunur. Digər məsələlərin müzakirəsi üçün 60 günlük müddət müəyyən edilib və növbəti qərarlar bu müddətin nəticələrinə uyğun olaraq veriləcək. Tərəflərin danışıqların məzmunu və yekunları barədə fərqli mövqe nümayiş etdirməsinə baxmayaraq, ümumi proses dayandırılmayıb və davam edir”.

 

Zəri Bayramlı

#vaşinqtonla #görüşünün #birbaşa #i̇ran #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər