İtaliyada ilk dəfə xeyriyyəçilər mühakimə olunub
İtaliyada ilk dəfə olaraq, bir xeyriyyə təşkilatına aid xilasetmə gəmisinin altı üzvü qanunsuz miqrasiyaya kömək etmək ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.
Məsələ 2020-ci ildə "Mare Jonio" gəmisinin həyata keçirdiyi bir xilasetmə əməliyyatı ilə bağlıdır. Sözügedən gəmi "Mediterranea" qeyri-hökumət təşkilatı tərəfindən idarə olunur. Gəmi, Aralıq dənizində bir aydan çox müddətə dənizdə qalan bir tankerdən 27 miqrantı xilas edərək Siciliyaya gətirib.
Mühakimə olunan şəxslər arasında gəminin kapitanı, bir həkim və təşkilatın həmtəsisçisi, solçu fəal kimi tanınan Luka Casarini də var. Onlar bütün ittihamları rədd edərək, bu addımı sırf humanitar borc hissi ilə atdıqlarını bildirirlər.
Prokurorlar isə bu xilasetmə əməliyyatının maddi maraq güddüyünü iddia edir və tanker operatoru tərəfindən edilən ianəyə diqqət çəkirlər. "Mediterranea" isə həmin məbləğin açıq şəkildə edilən və təşkilatın xilasetmə fəaliyyətlərinə dəstək məqsədi daşıyan ianə olduğunu bildirir.
Bu məhkəmə işi İtaliya hökumətinin – Baş nazir Corcia Meloninin rəhbərliyi ilə – dənizdə xilasetmə əməliyyatlarını məhdudlaşdırmaq və miqrasiyanı azaltmaq siyasəti fonunda baş verir. Təşkilat isə bu məhkəməni insanları dənizdə köməksiz buraxan rəsmi orqanların məsuliyyətə cəlb olunması üçün bir fürsət kimi dəyərləndirir.
ANEWZ
Gülhüseynova Güllər