Kanadada son 7 ildə 9 məhbus evtanaziya ilə həyatına son qoyub
Kanadada aparılan araşdırmaya görə, son 7 ildə ölkədəki həbsxanalarda 9 məhbus evtanaziya ilə həyatlarına son qoyub.
İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, Kalqari Universitetinin Sosial Xidmətlər Departamentinin müəllimi Jessica Shaw tərəfindən həbsxanalarda tibbi yardımlı ölüm halları ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində evtanaziya ilə həyatlarını sonlandırmaq istəyənlərin sayının ölkədə məhbuslar arasında çox olduğu görülüb.
Araşdırmaya görə Kanadada evtanaziyaya icazə verən qanunun qüvvəyə mindiyi 2016-cı ilin iyunundan 2023-cü il martın 31-dək 27 məhbus evtanaziya üçün müraciət edib. Müraciət edənlərdən 9-nun müraciəti yerinə yetirilib və evtanaziya ilə həyatlarına son qoyulub.
Şounun araşdırmasına görə, oxşar təcrübə son illərdə İsveçrə, Belçika və İspaniya həbsxanalarında həyata keçirilir. Bu ölkələrin hər birində yalnız bir məhbus evtanaziya yolu ilə həyatına son qoyub.
Qeyd edək ki, Kanada dünyada tibbi yardımla ölümü məhbuslar üçün bir hüquq kimi təsdiqləyən və buna nail olmaq üçün təlimatlar təklif edən yeganə ölkə kimi tanınır.
