00:00:00
Yazar
Zəhra Həsənova
06.07.2026 20:11 40 4 dəq oxuma
Sosial

Kartdan karta səhv köçürülən pulu necə geri almaq olar?

Kartdan karta səhv köçürülən pulu necə geri almaq olar?

 

Son illərdə onlayn bank əməliyyatlarının artması ilə vətəndaşların kartdan karta pul köçürmələri zamanı səhvən başqa hesaba vəsait göndərməsi halları da çoxalıb. Belə hallarda vətəndaşlar köçürülən məbləğin geri qaytarılması proseduru, bankların məsuliyyəti və hüquqi mexanizmlərlə bağlı suallarla üzləşirlər. Mütəxəssislər bildirirlər ki, səhv köçürülən vəsaitin geri alınması üçün vaxtında müraciət etmək və qanunvericiliyin nəzərdə tutduğu prosedurlara əməl etmək mühüm əhəmiyyət daşıyır.

 

Mövzu ilə bağlı hüquqşünas Əlövsət Allahverdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, vətəndaş səhv köçürməni aşkar edən kimi vaxt itirmədən köçürməni həyata keçirdiyi banka müraciət etməlidir. Müraciətdə əməliyyatın tarixi, məbləği, göndərən və alan kartın məlumatları və səhv köçürmənin baş verdiyi qeyd olunmalıdır:

 

“Əməliyyat hələ emal mərhələsindədirsə, bəzi hallarda onun dayandırılması mümkün ola bilər. Əgər vəsait artıq qarşı tərəfin hesabına köçürülübsə, bank həmin şəxslə əlaqə saxlayaraq vəsaitin könüllü qaytarılmasına vasitəçilik edə bilər. Bununla yanaşı, əməliyyat qəbzi və digər sübutlar saxlanılmalıdır. Əgər köçürmə müştərinin öz təsdiqi ilə və düzgün işləyən bank sistemi vasitəsilə həyata keçirilibsə, bank adətən məbləği birtərəfli qaydada qarşı tərəfin hesabından silə bilməz. Çünki həmin vəsait artıq başqa şəxsin hesabına daxil olmuş olur və bu hesab üzərində sərəncam hüququ həmin şəxsə məxsusdur. Bununla belə, bankın müəyyən öhdəlikləri var:
müştərinin müraciətini qəbul edib araşdırmaq, köçürmənin statusu barədə məlumat vermək, mümkün olduqda və qanunvericiliyə uyğun şəkildə vəsaiti qəbul edən şəxslə əlaqə yaradaraq könüllü geri qaytarılmasını təşkil etməyə çalışmaq, hüquq-mühafizə orqanları və ya məhkəmənin qanuni tələbi olduqda müvafiq məlumatları təqdim etmək. Əgər səhv bankın texniki nasazlığı və ya əməkdaşının təqsiri nəticəsində baş veribsə, bu halda bankın mülki məsuliyyəti yarana bilər və vurulan zərərin ödənilməsi məsələsi gündəmə gələ bilər”.

 

Əlövsət Allahverdiyev, həmçinin qeyd edib ki, vəsaiti qəbul edən şəxs səhv köçürülən pulu qaytarmaqdan imtina etdikdə, vətəndaş məhkəməyə müraciət edə bilər:

 

“Belə iddialar adətən əsassız varlanma - əsassız əldə edilən əmlakın qaytarılması ilə bağlı normalara əsaslanır. Məhkəmə səhv köçürmənin baş verdiyini müəyyən edərsə, vəsaitin geri qaytarılması barədə qərar qəbul edə bilər. Əgər vətəndaş hesab edirsə ki, qarşı tərəf vəsaitin ona məxsus olmadığını bildiyi halda onu qəsdən mənimsəyib və qaytarmaqdan yayınır, konkret hallardan asılı olaraq hüquq-mühafizə orqanlarına da müraciət etmək mümkündür. Bununla belə, hər səhv köçürmə avtomatik olaraq cinayət məsuliyyəti yaratmır; məsələnin mülki və ya cinayət-hüquqi müstəvidə qiymətləndirilməsi işin faktiki hallarından asılıdır. Praktik baxımdan, belə hallarda vaxtında banka müraciət etmək, bütün ödəniş sənədlərini qorumaq və zərurət yarandıqda hüquqşünasın köməyindən istifadə etmək vəsaitin geri qaytarılması şansını artırır”.

 

Mövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov bu sahədə artımın müşahidə olunması ilə bağlı dəqiq statistikanın mövcud olmamasını “İnformator.az”a açıqlamasında bildirib. Lakin onun fikrincə, böyük ehtimalla belə bir artım var:

 

“Çünki nağdsız ödənişlər nə qədər artırsa, təbii ki, səhvlər də artır. Bu, əsasən diqqətsizlikdən və digər amillərdən irəli gələn bir məsələdir. Əlbəttə, bunun müəyyən təsiri var, amma düşünmürəm ki, bu təsir çox böyük olsun. Çünki vəsaiti səhv köçürən vətəndaşın özüdür. Bu, nə sistemin, nə də bankın səhvidir. Həm də söhbət elə də böyük məbləğlərdən getmir ki, bu, ümumilikdə etimada ciddi təsir göstərsin. Dünyada bu problemin qarşısının alınması üçün müxtəlif mexanizmlər tətbiq olunur. Məsələn, vəsait köçürülərkən yalnız bank hesabının nömrəsi deyil, həm də vəsaitin köçürüldüyü şəxsin adı və soyadı göstərilir. Azərbaycanda da bəzi banklar artıq bu sistemi tətbiq etməyə başlayıblar. Bu halda səhv etmək ehtimalı xeyli azalır, çünki yalnız hesab nömrəsinə əsaslanılmır. Bəzi ölkələrdə isə vəsait köçürüldükdən sonra bir neçə saniyə və ya dəqiqə ərzində əməliyyatı ləğv etmək imkanı yaradılır. Amma vəsait artıq hesaba keçdikdən sonra onun geri qaytarılması asan proses deyil. Bu halda vətəndaş ilk növbədə, öz bankına müraciət etməlidir. Daha sonra həmin bank vəsaiti qəbul edən bankla əlaqə saxlayır. Qəbul edən bank isə vəsaiti alan şəxsə müraciət edərək bildirir ki, köçürmə səhvən həyata keçirilib. Əgər həmin şəxs istəsə, vəsaiti könüllü şəkildə geri qaytara bilər. Lakin bundan imtina etdiyi hallarda problem yaranır. Belə vəziyyətdə vəsaiti qəbul edən bank bank sirri ilə bağlı qaydalara əsasən həmin şəxsin məlumatlarını açıqlaya bilmir. Bu səbəbdən vəsaiti səhv köçürən şəxs məhkəməyə müraciət etməyə məcbur qalır. O, iddia ərizəsində cavabdeh qismində vəsaiti qəbul edən bankı göstərməlidir, çünki vəsaiti alan şəxsin kimliyini bilmir. Məhkəmə prosesində isə vəsaiti qəbul edən bank məlumat təqdim edir və vəsaiti alan şəxs iş üzrə cavabdeh qismində cəlb olunur. Həmin şəxs vəsaitin ona hansı əsasla köçürüldüyünü izah etməlidir. Əgər vəsaitin ona çatması üçün hüquqi əsas yoxdursa və köçürmə səhvən həyata keçirilibsə, məhkəmə vəsaitin geri qaytarılması barədə qərar qəbul edir. Bu proses kifayət qədər uzun müddət çəkə bilər. Buna görə də vətəndaşlar vəsait köçürərkən maksimum diqqətli olmalıdırlar”.

 

Fatimə Hüseynli

#Ödəniş #köçürülmə #reportaj
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər