“KazMunayGas” “Karaçaqanak” layihəsində “Lukoil”in payını almağı planlaşdırmır
Qazaxıstanın milli neft-qaz şirkəti “KazMunayGas” ABŞ sanksiyalarına məruz qalan Rusiyanın “Lukoil” şirkətinin “Karaçaqanak” yatağındakı payını satın almağı planlaşdırmır. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında enerji eksperti İlham Şaban bildirib ki, Amerika Birləşmiş Ştatlarının “Lukoil” və “Rosneft” şirkətlərinə tətbiq etdiyi sanksiyaların əsas məqsədi bu şirkətlərin Rusiyadan kənardakı fəaliyyətlərini daraltmaq və onları beynəlxalq bazarlardan sıxışdırıb çıxarmaqdır:
"Bu iki şirkət biri özəl, biri dövlətə məxsus olmaqla – Rusiya dövlət büdcəsinin əsas donorlarındandır. Açıqlanan məlumatlara görə, təkcə “Lukoil”in 34 törəmə şirkəti Rusiya sərhədləri xaricində böyük biznes fəaliyyətləri ilə məşğuldur. Əsasən Amerika və Avropa bazarları hədəfdədir. “Lukoil”in daha çox gəlir gətirən layihələrindən biri – İraqdakı Qərbi Qurna layihəsi – sanksiyalara birinci tuş gələnlərdən olub. “Gazprom” və ya SOCAR kimi şirkətlər hələlik birbaşa sanksiyalara məruz qalmayıb. Məsələn, Özbəkistanda “Lukoil”in 13-14 milyard kubmetr həcmində qaz hasilatı var. Sanksiyalar səbəbilə “Lukoil” artıq əvvəlki qiymətlərlə satış edə bilmir. Yeni alıcılar isə bu vəziyyətdən istifadə edərək qiymətləri kəskin şəkildə aşağı salmaq istəyirlər. Bəzi bazarlarda bu mümkün olur, bəzilərində isə proses uzanır.
Sanksiyaların qüvvəyə minmə müddəti bitdikdən sonra “Lukoil”in xarici layihələrdən pul köçürmələri dayanacaq. Bu səbəbdən bir çox tərəflər hazırda prosesi necə yönləndirməklə məşğuldur. Məsələn, “Şahdəniz” yatağında “Lukoil”in 19.99% payı var və gələcəkdə bu məsələnin necə davam edəcəyi daha da aydınlaşacaq. Gözlənti odur ki, dekabrın ilk 10 günündən sonra vəziyyət bir qədər də dəqiqləşəcək".
Aişə Mustafayeva