00:00:00
Yazar
Lalə Qafarova
26.02.2026 21:35 11 2 dəq oxuma
Maraqlı

Kimlərə oruc tutmaq olmaz?

Kimlərə oruc tutmaq olmaz?

 


Ramazan ayında milyonlarla insan günün müəyyən olunmuş saatlarında yemək və sudan uzaq qalır.
Mütəxəssislər deyirlər ki, oruc tutmaq təkcə mənəvi ibadət deyil, həm də insan orqanizmi üçün tibbi cəhətdən xeyirlidir. Lakin uzun müddət ac qalmaq bəzi insanlara zərər də verə bilər.

 

Mövzu ilə bağlı həkim Tutu Zeynalova “İnformator.az” a açıqlamasında  bildirib ki, əgər  ağır şəkərli diabet xəstəliyiniz varsa, oruc tutmaq tövsiyə edilmir:


“Həmçinin süd verən analar, xüsusilə körpənin qidalanmasında problem varsa, oruc tutmamalıdırlar. Çox yaşlı insanlar və psixi sağlamlıq problemi olan şəxslər üçün də oruc riskli ola bilər. Şəkərli diabet xəstəsi oruc tutmağa qərar verərsə, mütləq həkimlə məsləhətləşməlidir. Xüsusilə insulin və ya digər şəkərsalıcı dərmanlardan istifadə edən diabet xəstələri üçün oruc arzuolunan deyil. Əgər qanda şəkər səviyyəsi 70 mq/dl-dən aşağı düşərsə və ya 300 mq/dl-dən yuxarı qalxarsa, oruc dərhal pozulmalıdır. Əks halda ciddi fəsadlar, hətta koma riski yarana bilər. Qidalanmaya xüsusi diqqət yetirilməlidir. Ağ undan hazırlanmış qidalardan uzaq durmaq, proteinlə zəngin qidalara üstünlük vermək tövsiyə olunur. Karbohidrat seçimi düzgün aparılmalı, daha çox kompleks karbohidratlardan istifadə edilməlidir. Su balansı mütləq qorunmalıdır iftardan imsaqa qədər kifayət qədər su içildiyinə əmin olmaq lazımdır. Diabetli xəstələr susuzluq və qanın qatılaşması riski ilə qarşılaşa bilərlər. Bundan əlavə halsızlıq, başgicəllənmə və zəiflik müşahidə oluna bilər. Buna görə də, kifayət qədər maye qəbulu vacibdir. Ramazan ayı boyunca qazlı və şəkərli içkilərdən uzaq durmaq tövsiyə olunur. Daha çox adi su içmək həm böyrəklərin yükünü azaltmağa, həm də həzm problemlərinin qarşısını almağa kömək edir. Bu, halsız və baş ağrılı bir Ramazan keçirməmək üçün də önəmlidir. Yeniyetmələrə gəldikdə isə, aktiv böyümə dövründə olduqları üçün balanslı qidalanma çox vacibdir. Əgər kifayət qədər və düzgün qidalanmırlarsa, oruc sağlamlıq problemlərinə səbəb ola bilər. Düzgün qidalanma, kifayət qədər su qəbulu və normal yuxu rejimi şərti ilə oruc tuta bilərlər. Xüsusilə az çəkili və ya anemiyası olan yeniyetmə qızlar diqqətli olmalıdırlar. Şəkərli diabeti olan yeniyetmələrin isə oruc tutmaları arzuolunan deyil, çünki risk qrupuna daxildirlər. Yaşlı insanlarda isə böyrək funksiyalarında zəifləmə, əzələ kütləsinin azalması (sarkopeniya) kimi problemlər yarana bilər. Onlar adətən bir neçə dərman qəbul etdikləri üçün oruc zamanı müalicə rejimində çətinliklər yarana bilər. Əgər yaşlı insan oruc tutursa, mövcud xəstəliklərin ağırlaşmaması, əzələ kütləsinin itirilməməsi və susuz qalmaması üçün xüsusi diqqət göstərilməlidir”.

 

Selcan Xudiyeva

#oruc #tutmaq #xəbər #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər