Kipr danışıqlarında yeni ümid
Güney Kipr, 2017-ci ildə İsveçrədə uğursuz olan BMT dəstəyi ilə aparılan danışıqlardan səkkiz il keçdikdən sonra, adanın yenidən birləşməsi üçün görüşmələrə “yenidən başlamağa” hazırdır. Bəs bu məsələnin 8 il sonra yenidən gündəmə gəlməsinin əsas səbəbi nədir?
Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ və Avropa ölkələri bu danışıqları dəstəkləyəcəkdir:
"Güney Kiprdən Şimali Kiprlə danışıqlara başlamaq təklifinin əsas səbəbi, Türk Kiprində keçirilən prezident seçkiləridir. Bu seçkilərdə müxalifət lideri Erhurmanın böyük üstünlüklə qalib gəlməsidir. Erhurman, əvvəlki prezident Tatarla müqayisədə federativ dövlət tərəfdarıdır. Tatar isə qəti şəkildə iki dövlət modelini təklif edib. Bu da təbii ki, danışıqların yarımçıq qalmasına gətirib çıxarıbdır. Erhurman hər iki icmanın – Türk və Yunan icmasının siyasi bərabərliyini və bu bərabərlik əsasında federativ dövlət yaradılmasını təklif edir. Bundan istifadə edən Yunan tərəfi təklif edir ki, danışıqlara yenidən başlanılsın. Danışıqlar nə zaman keçiriləcək? Erhurmanın təklif etdiyi şərtlər qəbul olunacaqmı? Bunu yaxın aylar göstərəcək. Bu, çox çətin bir məsələdir. Məlumdur ki, 2004-cü ildə Yunan Kipri Avropa İttifaqına qəbul olunub. Təbii ki, Avropa dövlətlərinin əksəriyyəti, ABŞ da daxil olmaqla, bu danışıqların başlanmasını çox müsbət hadisə kimi qarşılayacaqlar və dəstək verməyə çalışacaqlar, əgər Yunan və Türk tərəfi razılığa gələ bilsə".
Siyasi şərhçi eyni zamanda vurğulayıb ki, Türkiyə hökumətinin mövqeyi iki dövlət modelidir:
"Bu danışıqlar Türkiyə və Yunanıstan arasında münasibətləri böyük ehtimalla bir qədər də kəskinləşdirəcək. Çünki Türkiyə hökumətinin mövqeyi iki dövlət modelidir və nə Yunanıstan, nə də Yunan Kipri bunu qəbul etmir. Əgər Şimali Kipr Respublikasının vətəndaşlarını qane edən və əhalinin böyük hissəsinin dəstəklədiyi bir model ortaya çıxarsa və qəbul olunarsa – ki buna ehtimal o qədər də yüksək deyil – bu, Türkiyə ilə Yunanıstan arasındakı münasibətlərin yaxşılaşmasına təsir göstərə bilər. Hər şey danışıqlardan asılı olacaq, danışıqların gedişindən asılı olacaq. Və bu danışıqların çox ağır olacağını indidən söyləmək mümkündür. Çünki mövqelər arasında fərqlər hələ də qalmaqdadır".
Zəri Bayramlı
