Kiyevə "Tomahavk" veriləcəkmi?
Birləşmiş Ştatlar “Tomahavk” qanadlı raket ehtiyatını Ukraynaya tədarük etməklə tükətməməlidir, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Mövzu ilə bağlı İnformator.az"a açıqlamasında sabiq millət vəkili Yusif Bağırzadə bildirib ki, yaxın günlərdə Brüsseldə Ukraynaya Dəstək Qrupu və NATO-ya daxil olan Avropa İttifaqı dövlətlərinin geniş iclası keçirildi:
"İclasda Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi və Ukraynaya hərbi-maddi yardımın artırılması ilə bağlı qərarlar qəbul olundu.Toplantıda ABŞ-nin müdafiə naziri Pit Hekset də iştirak edib. Bu il fevral ayından bəri o, Rusiya haqqında ən sərt fikirlərini həmin iclasda səsləndirib. Görüş zamanı həmçinin “NATO səddi” adlandırılan Pribaltika ölkələri, Polşa və digər dövlətlərin hava məkanından Rusiya dronlarının və təyyarələrinin keçməsinin qarşısını almaqla bağlı qərarlar qəbul edilib. Bundan əlavə, Rusiyaya qarşı on doqquzuncu sanksiya paketinin qəbuluna dair müzakirələr aparılıb və yaxın günlərdə bu qərarın rəsmiləşdirilməsi gözlənilir. ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Tomahavk” tipli raketlərin verilməsi məsələsinə dair qərar vermək ərəfəsində olduğunu bildirib. Onun sözlərinə görə, bu raketlərin sayı 20-50 arasında olacaq. Hazırda ABŞ-də təxminən 450 belə raket mövcuddur. Ötən gün Rusiya Prezidenti Vladimir Putinlə Donald Tramp arasında təxminən iki saat davam edən telefon danışığı olub. Danışıqdan sonra qərara alınıb ki, gələn həftə Rusiya xarici işlər naziri ilə ABŞ dövlət katibi Makrubu arasında telefon danışığı baş tutsun və Budapeştdə Trampla Putinin yüksək səviyyəli görüşü keçirilsin. Macarıstanın Baş naziri Viktor Orban da bəyan edib ki, ölkəsi bu görüşü qəbul etməyə hazırdır. Böyük ehtimalla, Zelenskinin bu gün Vaşinqtonda Ağ Evdə Tramp ilə görüşü zamanı da bu məsələlər müzakirə olunacaq. Lakin “Tomahavk” tipli raketlərin Ukraynaya verilməsi ilə bağlı qərarın hələlik qəbul ediləcəyi gözlənilmir. Bu, Tramp-Putin görüşünün nəticəsindən asılı olacaq".
Qəmər Kazımzadə
