00:00:00
Yazar
Admin User
18.09.2025 16:59 98 2 dəq oxuma
Siyasət

Kiyevdə Polşa-Ukrayna hərbi əməkdaşlığı müzakirə ediləcək

Kiyevdə Polşa-Ukrayna hərbi əməkdaşlığı müzakirə ediləcək

Kiyevdə Polşa ilə Ukrayna arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Tərəflər regional təhlükəsizlik, müdafiə sahəsində birgə təşəbbüslər və Ukraynaya göstərilən hərbi dəstəyin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.

 

Məsələ ilə bağlı politoloq Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Polşa həm Avropa Birliyinin, həm də NATO-nun ən fəal və güclü üzvlərindən biridir.

 

"Eyni zamanda Polşa, Ukraynanın apardığı müharibəyə böyük siyasi təsir və kömək göstərən ölkələrdən biridir. Müharibə başlayandan indiyə qədər Ukraynaya yardım edən bir neçə ölkədən biri də məhz Polşadır. Ən çox yardım göstərən ölkələr sırasında isə Fransa, Böyük Britaniya, Almaniya və Polşa ilk beşlikdə yer alır. Polşa Rusiya təcavüzünün gələcəkdə həm Avropa, həm də öz ölkəsi üçün hansı təhlükələr yarada biləcəyini yaxşı anlayır və buna qarşı indidən tədbirlər görməyə çalışır. Xüsusilə, Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə təmin olunmasında Polşanın böyük rolu var. Ukrayna qaçqınlarının yerləşdirilməsinə də Polşa xüsusi dəstək göstərir. NATO-nun şərq cinahının və Avropanın şərq sərhədlərinin daha etibarlı müdafiəsində də Polşa daim təşəbbüskar mövqedən çıxış edir. Bu çərçivədə Polşanın Baltikyanı ölkələr  Litva, Latviya və Estoniya ilə mühüm müdafiə əməkdaşlığı mövcuddur. Aydındır ki, Polşa-Ukrayna əməkdaşlığına həm NATO-nun Ukraynaya dəstək siyasəti çərçivəsində, həm də Avropa Birliyinin mövqeyi çərçivəsində yanaşmaq lazımdır. Hazırkı mərhələdə Ukrayna və Polşanın ayrıca bir ittifaq və ya blok yaratmasından danışmaq tezdir. Hətta bu, Ukraynanın maraqlarına uyğun olmaya bilər. Çünki Polşa artıq Avropa Birliyinin və NATO-nun üzvü kimi 2013-cü ildən bəri Ukraynaya kifayət qədər dəstək verir. Ukraynanın ilk dəfə qırıcı təyyarələrlə təmin olunmasında addım atan ölkələrdən biri də Polşa olub".

 

Ekspert həmçinin bunu da bildirib ki, belə bir şəraitdə Ukrayna ilə Polşanın ayrıca blok və ya ittifaq qurması digər NATO üzvlərinin dəstəyini zəiflədə bilər:

 

"Bu səbəbdən, hazırkı şəraitdə Polşa-Ukrayna bloku deyil, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında danışmaq daha məqsədəuyğundur. Hazırda proseslər də məhz bu istiqamətdə gedir. Ukraynanın hərbi sursatlarla təmin olunmasında, qaçqınların qəbul edilməsində, döyüş təyyarələri və pilot təlimləri sahəsində Polşa önəmli rol oynayır. Məhz bu ardıcıl və güclü dəstəyin nəticəsində Polşa-Rusiya münasibətləri getdikcə daha da gərginləşir. Hətta NATO üzvləri arasında bu gün Rusiyanın ən qatı düşmənlərindən biri kimi baxdığı ölkə də məhz Polşadır. Bu isə Polşanın Ukraynaya dəstək məsələsində daha fəal və ardıcıl davranmasından irəli gəlir. Bir sözlə, Ukraynanın taleyinin həll olunmasında mühüm rol oynayan ölkələrdən biri Polşadır və onun dəstəyi Ukraynanın apardığı müharibə üçün olduqca vacibdir".

 

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər