00:00:00
Yazar
Admin User
25.12.2025 16:12 105 2 dəq oxuma
Siyasət

Kiyevlə bunu həll etmişik, Rusiya etiraz etmir

Kiyevlə bunu həll etmişik, Rusiya etiraz etmir

Vaşinqton Kiyevlə təhlükəsizlik məsələlərini əsasən həll edib, indi hər şey ərazi ilə bağlıdır. Bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Foks Nyus”a deyib.

 

“Nəticə etibarilə, hər şey ərazi və onun bölünməsi məsələsindən asılıdır: Bu, silahsızlaşdırılmış zona, yaxud iqtisadi imkanlar zonası olacaq, çünki biz ukraynalılarla təhlükəsizlik zəmanətlərini əsasən həll etmişik”, - deyə o bildirib.

 

Mövzu ilə bağlı “İnformator.az”a “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli açıqlama edib:

 

“ABŞ rəsmisinin Rusiyaya etiraz edilməməsi ilə bağlı açıqlaması qeyri-müəyyən xarakter daşıyır. Çünki etiraz etməmək hələlik razılıq əlaməti kimi qəbul oluna bilsə də, rəsmi xarakter daşımır. Kreml istənilən anda mövqeyini dəyişə və konkret etiraz mövqeyindən çıxış edə bilər. Bu baxımdan hesab etmək olar ki, mövcud vəziyyət Ağ Evin addım-addım irəliləmə siyasətinə uyğundur və hələlik Rusiyanın etiraz etməməsi kimi təqdim olunur. Bu yanaşma mümkün variantlardan biridir.

 

Ancaq müşahidələr göstərir ki, bu cəhdlərin hansısa mərhələdə qırılma nöqtəsinə çatması ehtimalı kifayət qədər yüksəkdir. Çünki mübahisəli məsələlərin sayı çoxdur. Ola bilsin ki, təhlükəsizlik zəmanətləri ilə bağlı mövzular rəsmi Kiyevlə müəyyən həddə qədər razılaşdırılıb. Lakin təkcə təhlükəsizlik zəmanətləri ilə bağlı məsələlərin həlli ümumi sülh sazişinin imzalanması üçün yetərli deyil”.

 

Politoloq qeyd edib ki, burada əsas və ən mürəkkəb məsələ ərazi mövzusudur:

 

“Rusiya Ukraynanın işğal olunmuş ərazilərini öz sərhədləri çərçivəsinə almağa cəhd göstərir və bu məsələdə sərt mövqe tutur. Ukrayna isə öz ərazilərini Rusiyaya vermək niyyətində deyil. Rəsmi Kiyev artıq bir neçə dəfə bəyan edib ki, ərazi güzəştləri heç bir halda mümkün deyil. Bu da onu göstərir ki, ABŞ rəsmisinin də vurğuladığı kimi, ən qəliz məsələ məhz ərazi mövzusudur. Bu məsələdə yaxın vaxtlarda anlaşmanın əldə olunacağı qətiyyən inandırıcı görünmür. Hətta azad iqtisadi zonaların yaradılması və ya silahsızlaşdırılmış ərazilərlə bağlı mövzular müzakirə olunsa belə, ərazi məsələsində ciddi nəticələrin əldə ediləcəyi real görünmür. Rəsmi Kiyev hətta silahsızlaşdırılmış iqtisadi zonaların belə Ukraynanın nəzarətində qalmasında israrlıdır. Rusiya isə həmin ərazilərin Ukraynanın yurisdiksiyasında olmasına qarşı çıxır. Təbii ki, belə bir situasiya olduqca qeyri-müəyyən və mürəkkəb bir prosesə yol açır. Bu cür şəraitdə yekun nəticənin əldə olunması asan görünmür. Böyük ehtimalla, bu müzakirələr hansısa mərhələdə ziddiyyətlərin daha da ön plana çıxması ilə müşahidə oluna bilər”.

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər