00:00:00
Yazar
Admin User
25.11.2025 03:22 122 3 dəq oxuma
Siyasət

Kəlbəcərin azad olunması

Kəlbəcərin azad olunması

Kəlbəcərin azad olunması Azərbaycan cəmiyyətinin yaddaşında təkcə tarixi dönüş nöqtəsi kimi deyil, həm də illərlə içimizdə daş kimi daşıdığımız həsrətin çözülməsi kimi qalıb. Bu torpaqdan didərgin düşən insanların taleyi elə bil işığın sönməsi kimi yarımçıq qalıb. Azadlığın nəfəsi isə həmin yarımçıq xatirələrin üstünə işıq salaraq həm ruhları, həm də xatirələri azad edib.


“İnformator.az” bu dəfə Kəlbəcəri heç vaxt görməsə də, onun sevgisi ilə böyüyən Qumral Vəlizadənin hekayəsini təqdim edir.

 

Qumral Vəlizadə bildirib ki, Kəlbəcərin azad olunması illərlə əsir qalmış xatirələrin də azadlığı olub:

 

“Kəlbəcərin işğaldan azad olunması təkcə torpaqların deyil, on illərlə insanların sinəsinə çökmüş xatirələrin və həsrətin də azadlığı olub. Didərgin düşmüş ailələr üçün bu xəbər sanki içimizdə əsir qalan bir yükü yüngülləşdirib, nəfəs almağa imkan verib. Valideynlərimin dağların nəfəsindən, meşələrin sərinliyindən, bulaqların səsindən danışdıqları hekayələr Kəlbəcəri sanki gözümün önündə canlandırıb. Azadlıq xəbəri gələndə çox xoş və eyni zamanda qəribə hisslər keçirdim. O günü heç vaxt unutmaram. Ailə üzvlərimizlə və qohumlarımızla birlikdə əvvəlcə Şəhidlər xiyabanına getdik, sonra şəhərə çıxıb sevincimizi digər insanlarla paylaşdıq".

 

O bildirib ki, özü hələ doğma torpağa gedə bilməsə də, valideynlərinin ziyarəti ailədə yeni ümid yaradıb:

 

“Valideynlərim Kəlbəcərə ziyarətçi kimi gediblər. Onların həmin səfəri illərdir danışılan xatirələrin canlı şahidinə çevrilməsinə imkan verib. Oranı görəndən sonra orada yenidən yaşamaq arzuları daha da güclənib. Bu hiss sözlə ifadə edilə bilməz. Ən çox sevinənlər isə Kəlbəcəri bir daha görə bilmədən dünyasını dəyişənlər olub. Babamın və nənəmin illərlə danışdıqları xatirələr yadıma düşdükcə, onların ruhunun şad olduğunu düşünürəm. Bu qələbənin sevincini bizə yaşadan qazilərimizə can sağlığı, şəhidlərimizə isə Allahdan rəhmət diləyirəm".

 

Kəlbəcərin işğaldan azad olunması ilə bağlı siyasi fikirlərini bölüşən siyasi şərhçi Asif Nərimanlı vurğulayıb ki, Kəlbəcərin güllə atılmadan azad olunması müharibənin ən böyük uğurlarından biri idi:

 

“Kəlbəcərin azad olunması 44 günlük müharibənin ən strateji nailiyyətlərindən biri sayılır. Kəlbəcər Laçın və Ağdam kimi güllə belə atılmadan azad olunub. Bu, Azərbaycanın həm diplomatik, həm də hərbi üstünlüyünün nəticəsi idi. Ermənistan həmin şərtləri qəbul etməsəydi, müharibə daha ağır nəticələrlə davam edəcəkdi. Kəlbəcərin relyefi dağlıqdır və orada hərbi əməliyyat aparmaq çox böyük itkilərə səbəb ola bilərdi. Azərbaycanın əsas məqsədi Ermənistanı kapitulyasiyaya məcbur edərək Kəlbəcəri döyüşsüz qaytarmaq idi və buna nail olunub. Azərbaycan Ordusunun aypara formasında irəliləməsi, Laçın dəhlizinə çıxışı təmin etməsi Ermənistan üçün geridönməz vəziyyət yaradıb. Cənub istiqamətində sürətli irəliləyiş Ermənistan ordusuna ağır itkilər verib və onlar kapitulyasiya sənədinə imza atıb".


Siyasi şərhçinin sözlərinə görə, Kəlbəcərin azad olunması yalnız müharibədə deyil, 2023-cü ildə suverenliyin tam bərpası prosesində də mühüm rol oynayıb:

 

“Kəlbəcərin azadlığı Azərbaycanın hərbi diplomatiyasının ən böyük uğurlarından biri idi və sonrakı proseslərə ciddi təsir göstərib. Kəlbəcərin azad olunması həm hərb tariximizdə, həm də kollektiv yaddaşımızda silinməz iz buraxan böyük dönüş nöqtəsidir. Bu torpaq hər bir azərbaycanlının qəlbində həm nisgilin, həm də qürurun adı olub. İllərlə həsrətlə yaşanan xatirələrin gerçəkləşməsi, dağıdılmış el-obanın yenidən bərpası, doğmalarını o torpağa qovuşduran hisslər bir daha göstərdi ki, azadlıq yalnız sərhədlərin deyil, həm də ruhların azadlığıdır".


Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər