00:00:00
Yazar
Admin User
18.11.2025 17:51 131 2 dəq oxuma
Siyasət

Kobaxidze alman səfirdən danışıb

Kobaxidze alman səfirdən danışıb

Almaniya səfiri hər dəfə Vyana Konvensiyasının konkret tələblərini pozur. Bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

 

“Biz hətta onun hərəkətlərinə ciddi əhəmiyyət verməyin önəmli olub-olmadığını bilmirik. Diplomatik addım atıla, konkret prosedurdan da istifadə edilə bilər”, - baş nazir vurğulayıb.

 

Qeyd edək ki, Almaniya Gürcüstandakı səfiri Peter Fişeri məsləhətləşmələr üçün bu ilin oktyabrın 19-da geri çağırıb. Səfir noyabrın 6-da Tiflisə qayıdıb və noyabrın 13-də keçirilən etiraz aksiyasında iştirak edib.

 

Mövzu ilə bağlı “İnformator.az”a “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli açıqlama edib:

 

“Almaniya səfirinin, eləcə də onunla paralel olaraq Avropa Birliyinin Gürcüstandakı nümayəndəsinin fəaliyyəti hazırda ciddi narazılıq doğurur. Çünki rəsmi Tbilisi hesab edir ki, həm Avropa Birliyinin təmsilçisinin, həm də Almaniya səfirinin Gürcüstanda keçirilən etiraz aksiyalarına açıq şəkildə dəstək verməsi səfirlərin fəaliyyətinə dair beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması deməkdir. Bu məsələdə rəsmi Tbilisi haqlı görünür. Müşahidələr də göstərir ki, həm Avropa Birliyinin nümayəndəsi, həm də Almaniya səfiri Gürcüstanın daxili işlərinə müdaxilə xarakteri daşıyan addımlar atırlar və bu addımlar ölkənin siyasi məkanında qarşıdurmanın, eləcə də siyasi böhranın yaranmasına səbəb ola biləcək situasiya formalaşdırır. Təbii ki, rəsmi Tbilisi bütün bu hallara etiraz etməkdə tam haqlıdır. Heç bir dövlətin daxili işlərinə qarışmaq olmaz. Əgər rəsmi Tbilisi bu məsələdə prinsipial mövqe tutarsa, Almaniya ilə Gürcüstan arasındakı münasibətlər ciddi şəkildə zərər görə bilər. Bu barədə Almaniya tərəfi də ciddi şəkildə düşünməlidir. Mövcud proses iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər”. 

 

Politoloq son olaraq açıqlamasında qeyd edib ki, dünyada hər hansı dövlətin digər ölkənin daxili işlərinə müdaxilə etməsi praktikasından imtina etməyin vaxtı artıq çoxdan çatıb:

 

“Qərbdə bəzi siyasi dairələr hələ də hesab edirlər ki, Gürcüstan kimi kiçik ölkələri öz maraqlarına uyğun şəkildə yönləndirmək “hüququna” malikdirlər və bu məqsədlə həmin ölkələrin daxili işlərinə kobud şəkildə müdaxilə edirlər. Gözlənilir ki, yaxın vaxtlarda bu mövzu gündəmdə qalmaqda davam edəcək. Almaniyanın isə gec-tez belə davranış metodlarından imtina etməsi qaçılmaz görünür. Əks halda, iki ölkə arasındakı münasibətlərin ciddi şəkildə pozulması istisna deyil”.

 

Ləman Mahmudlu 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər