Kobaxidze Paşinyanla görüşüb
Gürcüstan Baş naziri İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla görüşüb, bu barədə İ.Kobaxidze X səhifəsində yazıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, bu görüşlər rəsmi Bakının maraqlarına tam uyğun gəlir:
"Gürcüstan və Ermənistan arasında əvvəllər də müxtəlif səviyyələrdə təmaslar olub, lakin bu dəfə keçirilən görüşlər tamamilə fərqli əhvalda baş tutur. Kobaxidze–Paşinyan görüşü yeni dövrün tələblərinə uyğun şəkildə gerçəkləşir və bu dövrün şərtlərini Azərbaycan Prezidenti müəyyənləşdirir. Bu, sülh dövrüdür. Məhz buna görə də indiki görüşlər əvvəlki təmaslardan tam fərqlənir. Əgər əvvəllər Ermənistan–Gürcüstan müzakirələrində Azərbaycan prosesdən kənarda qalırdısa, indi bu danışıqların mərkəzində məhz Azərbaycan dayanır. Artıq Cənubi Qafqazda üç ölkə — Azərbaycan, Ermənistan və Gürcüstan — birgə məsələləri müzakirə edə bilir ki, bu da sülhün yaratdığı imkanlardandır. Hazırda masada tranzit layihələri, nəqliyyat dəhlizlərindən istifadə və digər əməkdaşlıq istiqamətləri müzakirə olunur. Yeni dövrün şərtlərini Azərbaycan diktə etdiyindən, bu görüşlər rəsmi Bakının maraqlarına tam uyğun gəlir".
Qəmər Kazımzadə
