00:00:00
Yazar
Nərmin Həşimova
12.07.2026 22:11 24 2 dəq oxuma
Maraqlı

Köhnə və yeni qonşuluqlar

Köhnə və yeni qonşuluqlar

Əvvəllər qonşuluq bir ehtiyac deyil, sanki refleks kimi idi. Məsələn, qapı döyülməz, birdən açılardı. Onsuz da qapı hər zaman açıq olar, çünki gələn qonşu ailədən biri hesab edilərdi. Bu baxımdan bina evi deyilən tikinti sanki xarakter topluluğu kimi idi. Hər mərtəbədə, mənzildə bir həyat hekayəsi vardı.


Səhərlər nahar etmək istərkən qəfil çörəyin və ya pendirin bitdiyi görünərdi. Amma mağazaya gedib çörək və ya pendir almağa ehtiyac olmazdı. Çünki qonşuya üz tutub lazım olanı ondan təmin edirdilər. O iki dilim pendir və çörəklə məhəllədə baş verənlər də eninə-boyuna analiz edilərdi. Bu baxımdan qonşuluq sadəcə nəyinsə alış-verişi deyil, həm də həyatın paylaşımı idi. Bundan başqa bir ailədə uşaq ağladığında yalnız onun anası deyil, alt-üst və yanaşı olan qonşular da narahat olardı. Çünki o uşaq bir az-bir az hər kəsin uşağı kimi olardı. Küçəyə çıxarkən kim kimin uşağıdır bəlli olmazdı. Çünki hər kəs bir-birinə əmanət idi. Axşam olub uşaqlar evə çağrılarkən yalnız anası deyil, qonşular da o uşağın adını səsləyərdi.


İndi isə bir neçə ildir bir blokda yaşayan qonşular bir-birinin adını belə bilmir. Liftdə rastlaşarkən göz-gözə gəlməmək üçün yalandan telefonla məşğulmuş kimi davranırlar. İndi salamlaşmaq belə sanki sosial bir risk halına gəlib. Əvvəllər qonşu qapını döyüb "təzə çay dəmləmişəm, gəl, bir söhbət edək",-deyərdi. İndi qapı döyülərkən ilk ağıla gələn gələnin kuryer olduğudur.

İndiki qonşuluqlarda aşılmaz sərhədlər vardır. O sərhədlər o qədər aşılmazdır ki, bəzən divarın o tayında kiminsə yaşayıb-yaşamadığını bilmək mümkün deyil. Əvvəllər mənzillərin qapısı yatanadək açıq olardı, indi isə mənzillərin wi-fi şifrəsi belə qapalıdır.

Əlqərəz, əvvəllər qonşuluqlar bir-birinin həyatına daxil idi. İndi isə qonşuluqlar divar qonşusu olmaqdan başqa bir şey deyil.


Ürfət Mirzəyev

#qonşuluq #keçmişdə #indi #əlamətləri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər