Kolumbiyada 36 saat dağıntılar altında qalan 32 yaşlı qadın xilas edilib
Kolumbiyanın qərbində baş verən 7,4 maqnitudalı zəlzələdən sonra dağıntılar altında 36 saat qalan 32 yaşlı Daniela Largo sağ xilas edilib.
Largo Pereira şəhərində uçmuş binanın dağıntıları altından 10 saat davam edən xilasetmə əməliyyatı nəticəsində çıxarılıb. Yanğınsöndürənlər onun altında qaldığı dörd beton plitənin altından tunel qazaraq qadına çata biliblər.
Məlumatlara görə, zəlzələ nəticəsində ən azı 188 nəfər həyatını itirib, yüzlərlə insan isə itkin düşüb. Pereira şəhərində 79 nəfərin öldüyü təsdiqlənib. Ən çox ölüm isə 95 nəfərlə Kali şəhərində qeydə alınıb.
Largonun anasının sözlərinə görə, yerli sakinlərdən biri dağıntıların altından qızının kömək çağırışını eşidib. Hadisə yerinə gələn xilasedicilər kiçik kameranın köməyi ilə onun yerini müəyyənləşdiriblər.
Lakin xilasetmə işləri dağıntıların altında dörd ağır beton plitənin olması səbəbindən çətinləşib. Yanğınsöndürənlər və xilasedicilər ona çatmaq üçün iki tunel qazıblar. Yuxarıdan qazılan tuneldən qadına oksigen verilib, ikinci tuneldən isə onu dağıntılar altından çıxarmaq mümkün olub.
Kolumbiya Prezidenti Abelardo de la Espriella sosial şəbəkədə Largonun xilas edilməsini “bizə ümid verən xəbər” adlandırıb.
Largonun anası isə bildirib ki, 12 yaşlı oğlu evdə anasının qayıtmasını gözləyir.
Pereirada zəlzələ nəticəsində ən azı 92 bina dağılıb, 15 nəfərin dağıntılar altında qaldığı, 37 nəfərin isə itkin düşdüyü bildirilir.
Güllər Gülhüseynova