Konstitusiya dövlət və xalq arasında körpü rolunu oynayır
Pakistan Senatının sədri bildirib ki, Konstitusiya dövlət və xalq arasında körpü rolunu oynayır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Politoloq Tural İsmayılov bildirib ki, Pakistan Senatının sədrinin Prezident İlham Əliyevin liderliyini xüsusi vurğulaması təsadüfi deyil, bu, iki ölkə arasında dərin strateji və ideoloji yaxınlığın göstəricisidir:
“Azərbaycan və Pakistan münasibətləri sadəcə diplomatik çərçivədə qalmayıb, qarşılıqlı etimada əsaslanan qardaşlıq səviyyəsinə yüksəlib. Pakistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Qarabağ məsələsində Bakının yanında olub. Bu, iki ölkə arasında səmimi və prinsiplərə söykənən münasibətin real sübutudur. Pakistan Senatının sədrinin sözləri həm də İlham Əliyevin liderlik keyfiyyətlərinə beynəlxalq etiraf kimi dəyərləndirilə bilər. O, Azərbaycanın müstəqil, balanslı və cəsarətli siyasət yürütməsini təqdir edən dövlət xadimidir. Bu qiymətləndirmə Azərbaycanın regional siyasətdə sabitləşdirici və etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir. İlham Əliyevin liderliyi təkcə ölkə daxilində deyil, region miqyasında da dayanıqlılıq və inkişaf simvolu kimi görünür “.
Politoloq Tural İsmayılov vurğulayıb ki, bu yanaşma Pakistanın Azərbaycanın siyasi modelinə olan hörmətini də nümayiş etdirir:
“ Hər iki dövlət milli maraqları qoruyarkən, həm də İslam həmrəyliyi ideyasına sadiq qalır. Pakistan rəhbərliyinin bu açıqlaması iki ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşəcəyinə işarədir. Azərbaycan da Pakistanla münasibətləri təkcə diplomatik deyil, həm də mənəvi və ideoloji bağ kimi görür. Nəticə etibarilə, Senat sədrinin İlham Əliyevi nümunə göstərməsi, Bakı ilə İslamabad arasında etimadın ən yüksək səviyyədə olduğunu nümayiş etdirir. Bu münasibətlər regionda yeni əməkdaşlıq modelləri üçün nümunə sayıla bilər. Azərbaycanın güclü liderliyi və Pakistanın sadiq tərəfdaşlığı regional sabitlik üçün strateji tandem formalaşdırır “.
Reyhan Quliyeva
