“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan edilən amnistiya aktının hüquqi və sosial nəticələri
Prezident Administrasiyasının “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi amnistiya aktı ölkədə geniş müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı hüquqşünas Şamil Paşayev “İnformator.az”a açıqlamasında bildirib ki, cəzanın əsas məqsədi sosial ədaləti bərpa etmək və məhkumların cəmiyyətə reinteqrasiyasını təmin etməkdir:
“Cəzanın mahiyyəti sosial ədaləti bərpa etmək, məhkumların cəmiyyətə qazandırılmasını təmin etmək, eyni zamanda məhkumların və digər şəxslərin cinayət etməsindən çəkindirmək üçün tətbiq edilir. Amnistiya eyni zamanda şəxslərin cəmiyyətə inteqrasiya edilməsi baxımından mühüm mühüm addımdır. Amnistiyanın effektivliyi yalnız məsuliyyətdən azad edilməklə məhdudlaşmamalıdır, məhkumların peşə və iş fəaliyyəti üçün imkanlar yaradılmalıdır. Buna görə də məsuliyyətdən azad olan şəxslərin inteqrasiya olunması üçün iş, peşə ilə məşğul olması üçün şərait yaradılmalı, buna uyğun işlərin görülməsi amnistiyanın məqsədinə tam cavab verə bilər. Amnistiya haqqında cinsiyyət fərq qoyulmamalıdır - qadınlar və kişilər eyni dərəcədə bundan istifadə edə bilməlidir. Yetkin yaşına çatmayan şəxslərlə bağlı isə amnistiyada həssas yanaşmalar daha çox tətbiq edilməlidir”.
Hüquqşünas bildirib ki, ilk dəfə cinayət törətmiş şəxslərin və ağır cəzalar almış şəxslərin azadlığa buraxılması həm əlavə cəzaların aradan qaldırılması, həm də reabilitasiya baxımından əhəmiyyətlidir:
“Zərərçəkəni olmayan ağır cinayət törədən şəxslərin azadlığa buraxılması eyni zamanda əlavə cəzalardan azad olunması effekti yarada bilər. Kişi və qadın fərqi olmadan, zorakı olmayan, zərər vurmayan şəxslərin amnistiyaya düşməsi yaxşı olar. Cəzanın 6 ay aşağı salınması məhkumların reabilitasiyası və cəmiyyətə inteqrasiyası baxımından uğurlu ola bilər. Cəzanın mahiyyəti şəxsi cəmiyyətə qazandırmaqdır, onları cəmiyyətdən uzaqlaşdırmaq deyil”.
Fatimə Hüseynli