00:00:00
Yazar
Admin User
05.11.2025 18:09 87 3 dəq oxuma
Siyasət

Koreya sərhəddə gərginlik yaradıb

Koreya sərhəddə gərginlik yaradıb

Bu gün Koreya sərhəd bölgəsində hərbi gərginlik yenidən artıb. Cənubi Koreya ordusu Şimali Koreyanın sərhəd yaxınlığından bir neçə raket buraxdığını bildirib. Hadisə bölgədə təhlükəsizlik vəziyyətinin yenidən gərginləşməsinə səbəb olub.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Şimali Koreyanın bu addımı regionda qorxu və qeyri-müəyyənlik atmosferi yaratmaq məqsədi daşıyır:

 

“Şimali Koreya bu cür addımlarla beynəlxalq aləmə nəzarət edilməz və təhlükəli bir qüvvə olduğunu göstərmək istəyir. Amma əslində bu daha çox təzyiq və təhdid vasitəsidir. Hazırda real hərbi əməliyyatların başlanması və ya birbaşa hücum ehtimalı çox azdır. Şimali Koreya üçün bu, hakimiyyətin daxili legitimliyini qorumaq və xalq arasında “düşmənə qarşı dayanıqlı dövlət” imici formalaşdırmaq üsuludur. Faktiki olaraq, bu addımlar rejimin öz mövqelərini gücləndirməyə yönəlib.
Şimali Koreya arxalandığı beynəlxalq qüvvələr əsasən Rusiya və Çin regionda genişmiqyaslı müharibənin başlanmasını istəmir.
Böyük güclərin maraqları bölgədə balanslı vəziyyətin qorunmasına hesablanıb. Ona görə də nə Rusiya, nə də Çin Şimali Koreyanın hərbi avantüralarını dəstəkləyəcək qədər riskli addımlar atmayacaq. Şimali Koreya üçün də müharibə ssenarisi fəlakət nəticələnə bilər. Onların hərbi potensialı yüksək olsa da, iqtisadi və texnoloji imkanları belə bir toqquşmanı davam etdirməyə imkan vermir. Bu hadisə ABŞ və Cənubi Koreyanın müdafiə planlarında da müəyyən dəyişikliklər yarada bilər. ABŞ son zamanlar Asiyada fərqli bir strategiya tətbiq edir. Vaşinqton artıq müttəfiqlər naminə birbaşa hərbi toqquşmalara girmək istəmir. Əvəzində Yaponiya və Cənubi Koreya kimi tərəfdaşlarından daha çox maliyyə və hərbi məsuliyyət tələb edir. ABŞ-nin bu siyasəti, həm daxili rifahı artırmaq, həm də xarici borcların yükünü azaltmaq məqsədi daşıyır. Yəni, Amerika bu regionda müdafiə xərclərini azaltmaq istəyir, ancaq eyni zamanda müttəfiqlərin silahlanmasına və öz müdafiə güclərini artırmasına təkan verir. Beynəlxalq ictimaiyyətin Şimali Koreyaya reaksiyası da məhdud qalacaq”.

 

Həmçinin şərhçi qeyd edib ki, hazırda dünyanın diqqəti Ukrayna və Yaxın Şərqdəki proseslərə yönəlib:


“Ona görə də Koreya yarımadasındakı bu tip gərginliklərə ciddi beynəlxalq cavab veriləcəyini gözləmək real deyil. Maksimum halda BMT və ya Qərb ölkələri tərəfindən bəzi siyasi bəyanatlar və simvolik sanksiyalar tətbiq oluna bilər. Amma bunlar Şimali Koreyanın davranışına ciddi təsir etməyəcək. Onsuz da Pxenyan uzun illərdir sanksiyalar altında yaşayır və bu vəziyyətə uyğun iqtisadi model formalaşdırıb. Şimali Koreyanın bu addımları daha çox siyasi mesaj xarakteri daşıyır və regionda faktiki hərbi toqquşma riski hələlik aşağı səviyyədədir.Bu, tipik olaraq ‘güc nümayişi’ siyasətidir. Şimali Koreya öz hərbi fəaliyyətlərini beynəlxalq təzyiqləri balanslaşdırmaq, həm də daxili sabitliyi qorumaq üçün istifadə edir. Reallıqda isə nə ABŞ, nə Cənubi Koreya, nə də bölgədəki digər böyük güclər genişmiqyaslı müharibənin başlanmasında maraqlıdır. Gərginlik daha çox siyasi ritorika və qarşılıqlı mesajlarla məhdud qalacaq”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər