Körfəz regionunda gərginlik: Qətərin neytrallıq siyasəti-ŞƏRH
Qətər ABŞ və İsrailin İrana qarşı əməliyyatında iştirak etməyib və onun ordusu özünümüdafiə hüququ çərçivəsində İranın hücumlarını dəf edir. Bu barədə Qətər Əmirliyinin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, Qətər mövcud şəraitdə tərəflər arasında tarazlığı qorumağa çalışır:
“Qətər İran və ABŞ ilə balanslaşdırılmış siyasət yürüdür. Diplomatik və strateji baxımdan hər iki ölkə ilə normal münasibətləri var. Bugünkü ABŞ-İran münaqişəsi fonunda Qətər daha çox orta balansı qorumağa çalışır. İranın ABŞ-nin Qətərdəki hərbi bazalarını vurmasından sonra Körfəz dövlətləri ABŞ-yə özlərini müdafiə etmə məsələsini İrana bildiriblər. Qətər əgər bu məsələdə öz neytrallığını sübut edə bilsə, həm ABŞ, həm də İranla balansı saxlaya biləcək”.
Siyasi şərhçi Abutalıb Səmədov "İnformator.az"a açıqlamasında bildirib ki, indiki dövrdə heç bir Körfəz dövlətinin etibarlı təhlükəsizliyindən söhbət gedə bilməz:
“Qətər ABŞ-nin NATO-dan kənar müttəfiqlərindən biridir. Qətərin hazırkı vəziyyətdə vasitəçilik etməsi qeyri-mümkündür. Hətta bu şəraitdə kiminsə vasitəçilik etməsi yaxın günlərdə çox çətindir. Çünki ABŞ-nin qarşısına qoyduğu hədəf var və bu hədəfdən geri çəkilmək fikri yoxdur. Əgər məqsədinə nail olmadan geri çəkilərsə, bu, bundan sonrakı dövrdə Trampın mövqeyini son dərəcədə zəiflədə bilər. Üstəlik, bu məqamda kiminsə vasitəçilik etməsi üçün İran müəyyən güzəştlərə getməlidir. İranın isə nəinki güzəştə getmək, danışıqlar aparmaq fikri belə yoxdur. Bu da açıq şəkildə də bəyan edilib. Mövcud vəziyyətdə Körfəz dövlətlərinin hamısı üçün təhlükə artıb. Burada ABŞ və İran arasında vasitəçi rolunu oynayan Oman dövləti də var. İndiki dövr üçün heç bir Körfəz dövlətinin etibarlı təhlükəsizliyindən söhbət gedə bilməz”.
Zəri Bayramlı
