00:00:00
Yazar
Zəhra Həsənova
11.03.2026 20:00 14 2 dəq oxuma
Siyasət

“Körfəzdə gərginlik Rusiyanın enerji bazarına qayıtmasına şərait yarada bilər” - ŞƏRH

“Körfəzdə gərginlik Rusiyanın enerji bazarına qayıtmasına şərait yarada bilər” - ŞƏRH

Antonio Kosta bildirib ki, Yaxın Şərqdə davam edən müharibənin indiyədək yeganə qalibi Rusiya olub. Onun sözlərinə görə, bunun əsas səbəbləri enerji qiymətlərinin artması və dünyanın diqqətinin Ukraynada davam edən müharibədən qismən yayındırılmasıdır. Bu fikirləri Kosta Brüsseldə Avropa İttifaqı səfirləri qarşısında çıxışı zamanı səsləndirib. O qeyd edib ki, regiondakı gərginlik qlobal siyasi və iqtisadi balanslara da təsir göstərir.


Mövzu ilə bağlı siyasi şərhçi Ali Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Yaxın Şərqdə baş verən proseslər dünya gündəminin istiqamətini dəyişib:

 

“ABŞ, İsrail və İran arasında artan gərginlik qlobal diqqəti öz üzərinə çəkib - ABŞ və İsrail ilə İran arasında yaşanan qarşıdurma həm aktuallığına, həm də miqyasına görə dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bu səbəbdən də Rusiya-Ukrayna müharibəsi əvvəlki qədər gündəmdə görünmür. Müharibə artıq uzun müddətdir davam etdiyinə görə müəyyən mənada adaptasiya yaranıb və cəbhədə diqqəti ciddi şəkildə dəyişdirən proseslər baş vermir. Yaranan vəziyyət dolayısı ilə Rusiyanın mövqeyinə təsir göstərir. Hazırda ABŞ və İsrail daha çox İranla bağlı proseslərə fokuslandığı üçün hərbi və siyasi resursların bir hissəsi də həmin istiqamətə yönəlir. Bu isə Ukraynaya ayrılan dəstəyin müəyyən qədər azalması ehtimalını artırır. Bu, xüsusilə, İsrailə verilən hərbi dəstəkdə və regiondakı ABŞ hərbi qüvvələrinin təminatında özünü göstərir. Nəticədə, Ukraynanın Qərbdən, ABŞ-dən aldığı silahların həcminin azalması ehtimalı yaranır. Yəni, əvvəllər Ukraynanın prioritet şəkildə əldə etdiyi hərbi resursların bir hissəsi artıq Yaxın Şərq istiqamətinə yönləndirilə bilər. Regionda gərginliyin artması enerji bazarlarına da ciddi təsir göstərir. Xüsusilə, Hörmüz ətrafında yaranan risklər dünya neft bazarında qeyri-müəyyənlik yaradıb. Hörmüz boğazı dünya neft daşımalarının böyük hissəsinin keçdiyi strateji marşrutdur. Burada yaranan təhlükə neft qiymətlərinin artmasına səbəb olur. Nəticədə bazarda alternativ mənbələrə ehtiyac artır və bu da Rusiyanın enerji resurslarına marağın yenidən yüksəlməsinə gətirib çıxara bilər. Enerji bazarındakı dəyişikliklər xüsusilə, Avropa ölkələri üçün həssasdır. Avropa əsasən enerji idxal edən regiondur. Neft və qazın qiymətinin artması Avropa iqtisadiyyatına birbaşa təsir göstərir. Bu vəziyyət bəzi ölkələri enerji təhlükəsizliyini təmin etmək üçün alternativ yollar axtarmağa məcbur edə bilər”.


Ekspert, həmçinin vurğulayıb ki, Yaxın Şərqdə baş verən hadisələr informasiya məkanında da prioritetləri dəyişib:

 

“Hazırda dünya mediasında diqqət daha çox İran ətrafında baş verən hadisələrə yönəlib. Bu isə Ukrayna müharibəsinin informasiya gündəmində əvvəlki qədər ön planda olmamasına səbəb olur.
Proseslərin gələcək inkişafı qlobal siyasi və iqtisadi balanslara da təsir göstərə bilər. Əgər regiondakı gərginlik davam edərsə, bu, həm enerji bazarlarında, həm də beynəlxalq münasibətlərdə yeni dəyişikliklər yarada bilər. Belə bir vəziyyət isə dolayısı ilə Rusiyanın mövqelərinə təsir edən amillərdən birinə çevrilə bilər”.

 

Fatimə Hüseynli

#yeni #baki #şərait #bilər”
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər