KOSOVODA DAİMİ GƏRGİNLİYİN OLMASINI KİMLƏR İSTƏYİR?
NATO Şurası Kosovoda Alyansın əlavə qüvvələrinin istifadəsinə icazə verib. Buna səbəb kimi isə Serbiya ilə Kosovo arasında gərginliyin yenidən alovlanması göstərilib. Bölgədə münaqişənin həl edilməsinə dair bir çox prosesin getdiyi bir zamanda tərəflər arasında əlaqələrin gərginləşməsi bir çox iddianın yaranmasına səbəb olub. İddialara görə, Qərb Serbiyanın Rusiyadan uzaqlaşması üçün Kosovoda daimi gərginliyin olmasını istəyir. Eyni şəkildə Moskva da müəyyən yerə qədər proseslərdə öz maraqlarını izləyir. Bəs, indiki məqamda münaqişələrin artmasında əsas səbəb nə ola bilər?
NATO Şurası Alyansın Kosovodakı əlavə qüvvələrinin istifadəsinə icazə verib. NATO-nun Baş katibi Yens Stoltenberq Şuranın bu gün keçirilən iclasında bildirib ki, Alyansın Kosovodakı Missiyası bölgədə təhlükəsizliyin təmin olunması üçün genişləndirilməlidir. NATO-nun Kosovaya əlavə qüvvə cəlb etməsinin əsas səbəbi isə bölgədə Kosova və Serbiya arasında baş verən son toqquşmadır. Hətta sözügedən gərginlik 2008-ci ildə Kosovonun Serbiyadan müstəqilliyini elan etməsindən bəri baş tutan ən pis münaqişələrdən biri idi. Bu hadisədən sonra Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken və Serbiya prezidenti Aleksandar Vuçiçlə arasında telefon danışığı baş tutub. Vuçiç NATO-dan əlavə qüvvə tələb edib.
Serbiya və Kosova arasında gərginliyin indiki məqamda artmasının bir sıra səbəbləri var. İlkin iddialara görə, Qərb Serbiya ilə Rusiyanın yaxın əlaqələrini parçalamağa və Moskvanı bölgədə bir qədər də zəiflətməyə çalışır. Bu isə təəccüblü deyil. Qərb ilk növbədə Ukrayna ilə əlaqələrini gücləndirərək, Kreml ilə Kiyev arasındakı əlaqələri pozaraq, müharibənin başlamasına səbəb olub. Digər tərəfdən eynilə Ukraynada olduğu kimi, Qərb Sebiyanı Rusiyadan uzaqlaşdıraraq, Belqradı Moskvanın təsir dairəsindən çıxartmağa çalışır. Bunu isə Kosova münaqişəsi ilə bacara bilər. Belə ki, hər iki tərəf arasında münaqişəni gücləndirən Qərb hər zaman olduğu kimi ikili siyasət yürüdür və Kosovanı dəstəkləyərək Serbiyaya qarşı çıxır. Hətta Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi son olaraq Serbiyanı qoşunlarını Kosovo sərhədindən çıxarmağa çağırıb. Belə olan halda isə Serbiya müttəfiqi Rusiyadan dəstək istəyə bilər. Lakin Ukrayna müharibəsinə başı qarışan Moskvanın məsələni Serbiyanın leyhinə həl etməsi biraz çətin olacaq. Belə olan halda isə Belqrad Moskvadan uzaqlaşaraq Qərblə yaxınlaşa bilər. Bu isə Ukraynadan sonra Serbiyanın da Rusiyaya qarşı olmasına və Moskvanın bir qədər də zəifləməsinə gətirib çıxara bilər. Siyasi şərhçi Orxan Nəbiyevin sözlərinə görə, digər tərəfdən, Rusiya da Serbiya və Kosova arasında münasibətlərin gərginləşməsinə dəstək ola bilər. Rusiya-Ukraya müharibəsində istədiyini əldə edə bilməyən Moskva, dünyanın bir sıra nöqtəsində qarşıdurma hallarının yaranmasına köməklik edir. Buna Rusiyanın özəl hərbi şirkəti "Vaqner" vasitəsi ilə Afrikada ardıcıl olaraq hərbi çevrilişlərə dəstək də sübut ola bilər. Hətta Çinlə sıx əlaqələr saxlayaraq Tayvan məsələsinin kritikləşməsi, Şimali Koreya və Cənubi Koreya arasında hər keçən gün yüksələn gərginlik faktları da buna misal ola bilər. Ekspertlərin fikrincə, Rusiyanın hazırda ən böyük istəyi Tayvan münaqişəsinin başlamasıdır. "Məhz Qərbin səriştəsizliyi nəticəsində və Rusiyanın bütün münaqişələri alovlandırmaq istəməyi nəticəsi ilə Kosova münaqişəsi də yenidən canlanmağa başlayır. Nəyə görə Rusiyaya bu lazımdır? Rusiya Ukrayna cəbhəsində uğursuzluğa düçar olub. Rusiyaya lazımdır ki, bütün ətrafda alovlansın. Bütün ətrafda yanğınlar olsun ki, onun Ukraynadaki əsas yanğını digər yanğınların tüstüsü ilə gizlədilsin. Bir növ Qərbin diqqəti paylanılsın. Rusiyanın bu dəqiqə ən böyük arzusu Tayvan münaqişəsinin yenidən başlamasıdır. Çinin Tayvana müdaxiləsidir. Yəni bu cür hallar Rusiyanın Ukraynadakı uğursuzluğunu ört basdır edir".
Əlbəttə, baş verən proseslərdə diqqət edilməli əsas məsələ Moskvanın proseslərə hansı formada nəzarət edə bilməsidir. Çünki eyni Rusiya kimi Qərb də baş verən böhranlardan öz xeyirlərinə yararlanmaq istəyir. Bütün bunlar isə zəncirvari olaraq bir növ Rusiya-Ukrayna müharibəsininin nəticələridir.
CAVİD
