Kreml Düşənbə görüşünü yüksək qiymətləndirib
Kreml Rusiya və Azərbaycan prezidentlərinin Düşənbədə baş tutan görüşünü müsbət qiymətləndirib. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, görüş iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsinə zəmin yaradacaq.
Məsələn ilə bağlı politoloq Fuad Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya şimal qonşumuz olaraq onunla həmişə yaxşı münasibətlərdə olmalıyıq:
Münasibətlərin mənfi istiqamətdə inkişaf etməsi nə Rusiya, nə də Azərbaycan üçün faydalıdır. Lakin bu münasibətlərin qarşılıqlı hörmət və bərabərlik prinsipləri üzərində qurulması son dərəcə vacibdir. Biz müstəqil və suveren dövlətik. Nə Rusiyanın vassalıyıq, nə də onun bir əyalətiyik və Rusiyanın dediklərinə kor-koranə əməl etməməliyik. Azərbaycan və Rusiya liderləri arasında keçirilən son görüş də bir daha göstərdi ki, Azərbaycan öz siyasətini müstəqil şəkildə müəyyənləşdirir və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa hazırdır. Rusiya liderinin 2024-cü ilin dekabrında Azərbaycanın hava yollarına məxsus təyyarənin vurulması ilə bağlı məsuliyyəti üzərinə götürməsi də bunun bariz nümunəsidir. Burada ən mühüm məqam məhz Rusiyanın həmin hadisədə günahkar olduğunu etiraf etməsidir. Əgər bu məsuliyyət qəbul edilməsə və üzr istənilməsə belə hadisələrin təkrarlanma ehtimalı yüksək qalır. Çünki bu halda Rusiya düşünə bilər ki, Azərbaycan geri çəkilib, hadisənin nəticələri cəzasız qalıb, nə təzminat ödənilib, nə də günahkarlar cəzalandırılıb. Bu isə oxşar halların yenidən baş verməsinə zəmin yarada bilər. Buna görə də Rusiyanın günahını boynuna alması və bundan sonra münasibətlərin qarşılıqlı hörmət prinsipləri üzərində inkişaf etdirilməsi çox vacibdir. IT mütəxəssislərinin Azərbaycanda narkotik qaçaqmalçılığı və kibercinayətlərdə ittiham olunması məsələsinə gəlincə, bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi çərçivəsində araşdırılacaq bir məsələdir. Burada nə Rusiya hökuməti Azərbaycana təzyiq göstərə bilər, nə də Azərbaycan hökuməti Rusiya vətəndaşlığı qəbul etmiş azərbaycanlıların orada törətdikləri cinayətlərə müdaxilə edə bilər".
Ekspert həmçinin bunu da qeyd edib ki, Rusiya bunu dəfələrlə vurğulayıb və son bir il ərzində Yekaterinburq, Voronej, Moskva, Sankt-Peterburq kimi bir çox şəhərlərdə azərbaycanlıların yerli qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunduğu hallar müşahidə edilib:
"Eyni ilə Azərbaycan da öz ərazisində Rusiya vətəndaşlarının törətdiyi cinayətlərə qarşı mübarizəni milli qanunvericiliyə uyğun şəkildə aparmalıdır. Bu baxımdan hesab edirəm ki, Azərbaycan geri addım atmayacaq. Çünki Rusiya və Azərbaycan liderlərinin görüşündən sonra iki ölkə arasında problemlərin həll olunduğu düşünülüb, lakin bunun ardınca Rusiyada Azərbaycan diasporasına qarşı fəaliyyətlərin davam etdiyi müşahidə edilib. Məsələn, Rusiyanın Smolensk vilayətində uzun illər xeyriyyəçilik fəaliyyəti ilə tanınan, heç bir cinayət fəaliyyəti ilə əlaqəsi olmayan ictimai-siyasi xadim Faiq Əliyev saxlanılıb. O, guya ticarət mərkəzinə elektrik xətti çəkilməsi üçün rüşvət verməkdə ittiham edilərək 4 il azadlıqdan məhrum edilib. Bu hadisə Rusiya və Azərbaycanın diaspor rəhbərlərinə münasibətin dəyişmədiyini və Əliyev-Putin görüşündən sonrakı dövrdə Rusiyanın Azərbaycan icmasına qarşı təzyiqlərin davam etdiyini göstərir. Belə hallar baş verdiyi müddətdə Azərbaycan tərəfi heç bir güzəştə getmədən, qanunvericilik çərçivəsində öz vətəndaşlarının hüquqlarını müdafiə etməli və məsələni hüquqi yolla həll etməlidir".
Güllər Gülhüseynova
