Kreml Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu bəyan edib
Kreml Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu bəyan edib.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, Kreml Ukrayna böhranının nizamlanmasına yönəlik sülh danışıqlarına olduqca məntiqsiz yanaşır:
"Çünki Rusiya siyasi dairələri hesab edirlər ki, Ukrayna böhranı ilə bağlı danışıqlarda rəsmi Kiyevin iştirakına ciddi ehtiyac yoxdur. Onların fikrincə, bu məsələ ABŞ və digər Qərb siyasi mərkəzləri ilə müzakirə edilməlidir. Yəni, Ukrayna böhranını Ukraynanın iştirakı olmadan həll etməyə üstünlük verirlər. Bu isə onu göstərir ki, Kreml hələ də Ukraynanı beynəlxalq hüququn subyekti kimi qəbul etmək istəmir, onu müstəqil dövlət olaraq tanımaqdan yayınır. Halbuki bu, yol verilməzdir. Ukrayna müstəqil dövlət olaraq öz taleyini müəyyən etmək hüququna malikdir. Son vaxtlar Kreml yenidən qəbuledilməz şərtlər irəli sürməyə başlayıb. Bəzi məlumatlara əsasən, sülh danışıqları üçün Ukraynada rus dilinin dövlət dili statusuna yüksəldilməsini tələb edir. Halbuki belə bir tələb həm beynəlxalq hüquqa, həm dövlətçilik prinsiplərinə ziddir və heç bir hüquqi arqumentə söykənmir".
Ekspert həmçinin bunu da qeyd edib ki, Ukrayna müstəqil dövlətdir və ukraynalıların öz dövlət dili mövcuddur:
"Bu səbəbdən dövlət dili kimi rus dilinə heç bir ehtiyac yoxdur. Lakin nə qədər qəribə olsa da, Rusiya sülh danışıqları üçün belə əsassız və hüquqi izahı olmayan tələblər irəli sürür. Eyni zamanda Rusiya Ukraynanın böyük bir hissəsini öz sərhədləri daxilinə qatmaqda israrlıdır. Bu isə danışıqların mümkünlüyünü minimuma endirir və bu baxımdan demək olar ki, Kreml növbəti dəfə manipulyasiya ilə məşğuldur. O, həm Ukraynaya, həm ABŞ-yə, həm də kollektiv Qərbə faktiki kapitulyasiya aktı imzalatmaq niyyətindən əl çəkmir. Rəsmi Kiyev artıq bəyan edib ki, Rusiyanın bu tələblərini heç vaxt qəbul etməyəcək və öz hüquqlarını müdafiə etməkdə israrlı olacaq. Bu səbəbdən Kreml tərəfindən irəli sürülən şərtlər daxilində yaxın perspektivdə sülh masasına qayıdış ehtimalı o qədər də real görünmür".
Güllər Gülhüseynova
